Zərdabda aztəminatlı ailələrə yardım edilib

12 Aprel 2020 16:12 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” şüarına dəstək olaraq Zərdab rayonunda ehtiyacı olan ailələrə ərzaq yardımı paylanılıb.

Mövqe.az xəbər verir ki, Zərdabda başladılan “Biz Birlikdə Güclüyük” xeyriyyə aksiyası çərçivəsində daha səkkiz aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq yardımı edilib.

Həmçinin, vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

Bu günə kimi, yardım aksiyası çərçivəsində rayonda 56 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Sovqatları qəbul edən aztəminatlı ailələr nəcib təşəbbüsə görə xeyriyyə aksiyasının iştirakçılarına xoş arzularını ifadə ediblər.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənir.