Ankaranın simvolu olan “Atakule”də Azərbaycan bayrağı dalğalanıb

14 Aprel 2020 08:16 (UTC+04:00)
Paytaxt Ankaranın simvolu olan "Atakule"də Türkiyə və Azərbaycan həmrəyliyini göstərmək məqsədi ilə hər iki ölkənin bayraqları rəngli işıqların və musiqinin müşayiəti ilə dalğalandırılıb. Qüllənin zirvəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət!", ardınca isə "Can Azərbaycana sevgilərlə" ifadələri rəngli işıqların fonunda yer alıb. Bu mənzərəni yerli televiziyalar canlı olaraq nümayiş etdirib. Reportajlarda aprelin 11-də Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqlarının birlikdə görüntülənməsi təqdir olunub. Qeyd edək ki, Türkiyənin Xarici işlər naziri Mövlud Cavuşoğlu da Heydər Əliyev Mərkəzində yayımlanan bu görüntünü Twitter səhifəsində paylaşaraq, "Tək millət, tək ürək Azərbaycan Türkiyə! #BirliktəYeneceğiz", deyə təqdir edib. Türkiyənin aparıcı mətbuat orqanlarında da bu mənzərə öz əksini tapıb. Azərbaycanın bu addımından sonra Türkiyə də jest edərək qardaş ölkə ilə həmrəyliyini bu şəkildə ifadə edib.