Yeni növ viruslarla mübarizədə mütəşəkkil fəaliyyət mühüm şərtdir

14 Aprel 2020 08:30 (UTC+04:00)

 

Beynəlxalq səviyyədə bütün ölkələri bürüyən koronavirusa görə hamı eyni fikirdədir: Pandemiya sərhəd tanımır. Amma buna qarşı sipər yaratmaq mümkündür. Bu isə bütün ölkələrin və cəmiyyətlərin qoşulduğu mütəşəkkil fəaliyyətdir. Yəni, bir ölkə daxilində hökumətin müəyyənləşdirdiyi qaydalara riayət etməklə onun qarşısını almaq olar. Bu səbəbdən hələ xəstəliyin ilk simptomları özünü göstərən vaxt çevik hərəkət edib lazımı tədbirlər görülən ölkələrdə pandemiyanın qarşısına sipər çəkmək mümkündür. Xöşbəxtlikdən Azərbaycan məhz bu yolla gedib və nəticə də göz qabağındadır.

Hələ mart ayının 23-də Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı Azərbaycana göndərdiyi məktubda  bu sahədə ölkəmizdə görülmüş işlərə yüksək qiymət verilmiş, ÜST-ün ölkəmizdə olan nümayəndə heyətinin müsbət rəy hazırladığı qeyd edilmişdi.

Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə yerli və beynəlxalq miqyasda fəallığını getdikcə artırır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb.

Pandemiyaya qarşı mübarizədə təsirli tədbirlərin vaxtında görülməsi Azərbaycan dövlətinin sosial mahiyyətindən və ölkədə idarəetmənin çevik strukturundan irəli gəlir. Belə ki, son 16 ildə ölkənin səhiyyə sistemi demək olar ki, müasir tələblər və dünya standartları çərçivəsində yenidən qurulub, 750-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir olunub. Dövlət başçısının təşəbbüsü ilə hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.

Vaxtında görülmüş geniş miqyaslı tədbirlər sayəsində hazırda koronavirus xəstələrini müalicə etmək üçün 20-dən artıq dövlət xəstəxanasını bu işə ayırmaq mümkün olub. Bu yaxınlarda 575 çarpayıdan ibarət “Yeni klinika” adlanan ən müasir xəstəxana da pasiyentlərin ixtiyarına verilib. 

Bu ərəfədə ayrı-ayrl bölgələrdə ümumi çarpayı sayı 500-dən çox olan daha 3 xəstəxana fəaliyyətə başlayıb. Bu işdə dövlətlə yanaşı, sahibkarlar da ardıcıl çalışırlar. Məsələn, pandemiya ilə əlaqədar tikilən 10 modul tipli xəstəxananın 6-sı dövlətə, 4-ü isə özəl fəaliyyətə bağlıdır.

Milli adət-ənənələrə bağlılığı ilə seçilən Azərbaycan xalqının daxili mənəvi tələbatına uiyğun olaraq virusun yayıldığı dövrdə xaricdə olan vətəndaşlarımızın ölkəyə qayıdışını yüksək səviyyədə təşkil edilib. Bu, iri məbləğdə vəsait hesabına başa gəlsə də ölkə rəhbərliyi imkanları əsirgəmir. İndiyə qədər 18 mindən çox Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən təxliyə edilib.  Ölkəyə qaytarılmış bütün vətəndaşlar dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilib. Təsadüfi deyil ki, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.

Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına böyük zərbə vurub. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün hökumət 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayırıb. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlanıb. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyir. Ümumiyyətlə, həyata keçirilən proqram 600 minə yaxın insanı əhatə edir. Bütövlükdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluq təmin edilib. Sosial təmayüllü bu tip iqtisadi tədbirlər pandemiyanı önləmək üçün tətbiq edilən karantin rejiminin uğurla davam etməsini ehtiva edir. Bütün bu görülən tədbirlər Azərbaycanda pandemiyanın sürətini aşağı salıb və sevindirici haldır ki, sonuncu bazar günü yoluxanların sayında kəskin eniş baş verib. Bu da onu deməyə əsas verib ki, hökumətin gördüyü tədbirlər sayəsində gələn həftəyə kimi pandemiya Azərbaycanda öləziyəcək.

N.NOVRUZ