Sənətkar “mən yemirəm yedizdirirəm” sözünü işlətməməlidir

10 İyul 2013 17:15 (UTC+04:00)

Xalq artistləri İlhamə Quliyeva-Nazpəri Dostəliyeva, Aygun Kazımova-Brilliant Dadaşova, Flora Kərimova-Faiq Ağayev qarşıdurmaları davam etməkdədir. Şou-biznes nümayəndələrinin heç bir etik çərçivəyə sığmayan davranışları ictimaiyyət nümayəndələrinin narahılığına səbəb olub. Millət vəkilləri, ziyalılar, sənət adamları baş verən xoşagəlməzliklərin dayandırılmasını tələb edirlər. İlhamə Quliyevanın canlı efirdən səsləndirdiyi "mən yemirəm, yedizdirirəm" ifadəsi isə xüsusi narazılığa səbəb oldu. Müğənni ona etiraz edən millət vəkili Çingiz Qənizadəyə qarşı şantaj və hədə dolu bəyanatlar səsləndirməkdən də çəkinmədi. Bütün bunlar ictimaiyyətin nüfuzlu şəxsləri tərəfindən ciddi etirazla qarşılanıb.



Xalq artisti, tarzən Möhlət Müslümov hesab edir ki, elfirdə tərbiyəsiz ifadələr işlətməyə heç kəsin ixtiyarı yoxdur: "Xüsusilə də, xalq artisti titulunu daşıyan şəxs ifadələrində, hərəkətlərində diqqətli olmalıdır. Biz gənc olanda xalq artistlərini kənardan izləyirdik ki, görək necə yeriyirlər, hansı paltarı geyinirlər. Danışıqlarına diqqətlə qulaq asırdıq. Tərbiyə götürürdük. İndikilər çox cılızlaşıb, özlərini, sənəti və xalq artisti tutulunu ucuzlaşdırıblar. Ümumiyyətlə, bundan sonra xalq artisti adı veriləcək şəxsin sənətilə yanaşı, tərbiyəsinə də diqqət yetirmək lazımdır. Elələri xalq artisti adını daşıyır ki, onların hərəkətinə, danışığına baxanda vallah utanıram. Şou-biznes və bəzi xalq artistlərinin cılız hərəkətləri mənə çox pis təsir göstərir, insanları musiqidən iyrəndirir, uzaqlaşdırır".


Tanınmış kamança ustası, xalq artisti Fəxrəddin Dadaşov bəzi sənət adamlarının hərəkətlərinə görə xəcalət çəkdiyini bildirdi: "Onların iyrənc hərəkətlərinə görə məndə az qala sənətə nifrət hissi yaranır. Ağıllarına və ağızlarına gələni danışırlar. Ölkə başçısı bunlara, ad, təqaüd, ev verib, amma bu diqqətin qarşılığında yenə də bəziləri özlərini apara bilmir. Artıq bu, tərbiyə, əxlaq problemidir. Vallah eyibdir. Sənətkar "mən yemirəm yedizdirirəm" sözünü işlətməməlidir. İlhamə xanım böyük sənətkardır. Amma belə sözlər danışmamalıdır. Bizə baxan düşmənlər bu halımıza sevinirlər. Deyirlər ki, bunlarda tərbiyə, qanacaq yoxdur. Bir sözlə, mən bəzi xalq artistlərinin çərçivəyə sığmayan hərəkətlərinə, müştəbehliklərinə görə bəzən sadə insanların arasına çıxmağa utanıram. Heç olmasa bizə hörmət qoysunlar".

Millət vəkili Jalə Əliyeva xalq artisti adını daşıyan şəxslərin sırf sənətlə məşğul olmasını və ucuz şoudan uzaq durmasını vacib saydı: "Azərbaycan mədəniyyətinin təəssübünü çəkən bir insan kimi deyə bilərəm ki, yaranmış durum məni və ölkənin həyatını, gələcəyini düşünən həmkarlarımı narahat edir: "Şou-biznes olan yerdə sənətdən söhbət gedə bilməz. Xalq artisti adını daşıyan insanlar şou-biznesi elə bir mərhələyə çatdırıblar ki, artıq o həyatımızın, mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Sənət sənət üçündür, bir ovuc, bayağılıq tərəfdarı olan insanlar üçün deyil. Bir-birilə lazımsız polemikalar, qalmaqallar yaradaraq efirdən düşməmək hələ sənətlə məşğul olmaq demək deyil. Bu problemlə bağlı həyacan təəbili çalan həmkarlarımızın fikrinə qatılıram. Azərbaycanda hər bir sahədə olduğu kimi, sənətdə də demokratik mühit mövcuddur. Amma bu o demək deyil ki, bütün sərhədləri aşıb keçməliyik. Bir daha qeyd edirəm ki, heç kəsin, heç bir sənəd atamının, xüsusilə də, xalq artistinin ixtiyarı yoxdur ki, efirdə mənəvi, əxlaqa dəyərlərə sığmayan fikirlər işlətsin".


Millət vəkili Hacı Qalib Salahzadə hesab edir ki, şou-biznes nümayəndələrini əxlaqlı olmağa dəvət etmək hər kəsin, o cümlədən, deputatların borcudur: "Amma bu, çətin məsələdir. Xüsusilə də, şou-biznesadəki qadınları ipə-sapa gətirmək müşküldür. Adamı borclu, rusvay-cahan edirlər".

Millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun rəhbəri İsa Həbibbəyliyə görə, şou-biznes nümayəndələri hədlərini bilməlidilər: "Açığı nə baş verdiyini bilmirəm. İlhamə Quliyeva ilə Çingiz Qənizadənin arasındakı problem barədə sizdən xəbər tuturam. Bu məsələyə münasibət bildirmək istəməzdim. Mənim üçün şou-biznes nümayəndələri qeyri-ciddi adamlardı. Gərək millət vəkilləri onların dediklərinə fikir verməsinlər. Onlar kim biz kim?"

Yazıçı-publisist Mehriban Vəzirin sözlərinə görə, sürü geri dönəndə axsaq qoyunlar qabağa düşdüyü kimi, cəmiyyətdə də quruluşlar, sistemlər dəyişəndə dəyərlər baş-ayaq durur: "Xalq artisti adı yüksək titul sayılır. Bu ad müğənnidə ikiqat məsuliyyət hissi yaratmalıdır. Ucuz, səviyyəsiz şou-proqramlar ciddi verilişləri üstələdiyi kimi, ucuz adamlar da intellektualları kölgədə qoyurlar. Bu ölkədə kitab oxuyanla avamlar arasında heç bir fərq qoyulmur. Qanunu bilməyənlər hüquqşünaslara ağıl öyrədirlər. İstər İlhamə Quliyeva, istər Faiq Ağayev olsun, istərsə də digərləri, yaranmış anormal vəziyyətin meydana çıxardığı insanlardı. Normal cəmiyyətlərdə belə insanlar yalnız sənətlərilə tanınırlar. Bizdə isə müğənninin səsi deyil, şəxsi həyatı, qeyri-etik ifadələri daha populyardır. Bu gün Azərbaycanda şou-biznes intellekti küncə sığışdrıb. İntellekti olmayanlar yaltaqlıqla önə çıxmağa çalışırlar. Kimin ki səviyyəsi, nüfuzu aşağıdır, başlayır ölkə rəhbərliyinə yaltaqlanmağa. İnsanları şantaj edirlər. Qanunun aliliyinin qorunduğu ölkələrdə bu, belə olmamalıdır".

M.Vəzir düşünür ki, telekanallar əxlaqında problemlri olan şəxsə geniş meydan verməməlidilər: "İndi telekanallarda ictimai şuralar yaradılır. İctimai şuralar bu kimi məsələləri tənzimləməlidir. Hər yerindən duran millət vəkilllərini, siyasətçiləri aşağılayacaqsa, təhqiramiz ifadələr səsləndirəcəklərsə bundan ümumilikdə cəmiyyət əziyyət çəkəcək".