“Elitar gənclik tərəfindən dəstəklənən siyasət yaşamağa layiqdir”

10 İyul 2013 17:34 (UTC+04:00)

"Azərbaycanda 1993-cü ilə qədər gənclik elə vəziyyətə gətirilmişdi ki, ondan dövlətə qarşı açıq-aşkar istifadə olunurdu. Ayrı-ayrı düşərgələr Azərbaycan gəncliyini silahlandıraraq dövlətə qarşı hakimiyyət uğrunda mübarizəyə cəlb etmişdi".


Mövqe.az-ın məlumatına görə, bunu, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gənc alimlərin ümumi yığıncağında deyib.

 

Hələ sovet dövründə Heydər Əliyevin Azərbaycan gənclərinin SSRİ-nin bir çox ölkələrində ali təhsil almasına böyük diqqət ayırmasından danışan Ə. Həsənov deyib ki, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdan kimi Azərbaycan gəncliyinin problemini dövlət siyasəti səviyyəsinə qaldırıb: "Yaratdığı ilk nazirlik də gənclər sahəsi ilə bağlı oldu. Onun fəaliyyətinin əsas hissəsini Azərbaycan gəncliyi, Azərbaycan ordusu, Azərbaycan millətinin gələcəyini təmin edən kəsim təşkil edirdi".

 

Ə. Həsənov yığıncaqda iştirak edən gənc alimlərə xitabən bildirib ki, maaşlarının az olması, mənzil-məişət, ailə və digər sosial problemləri dövlətə məlumdur: "Amma heç bir dövlət bütün əhalinin sosial qayğılarının eyni vaxtda, eyni müvəffəqiyyətlə həll eləmək gücündə deyil. Dövlət kimdir? Dövlət bizim hər birimizin ailəmizdir. Ailə büdcəsinə müvafiq olaraq hansı işləri birinci eləmək müəyyən olunduğu kimi, dövlətin də büdcəsində nəyi birinci, nəyi ikinci eləməyi dövlət və onun siyasətini müəyyən edən insanlar müəyyənləşdirir. Bu gün sizin hansısa problemləriniz həllini tapmırsa, deməli, ondan daha vacib, həll olunası problemlər var. Amma bu o demək deyil ki, siz sabah o problemlərin həllini görməyəcəksiniz. Bir faktı deyim. Bu ilin əvvəlində Azərbaycan prezidenti Nazirlər Kabinetinin iclasında ipoteka vəsaitlərindən istifadə etməyin yeni konsepsiyasını irəli sürdü. Bu, gənc alimlərinin, gənc nəslin ipoteka kreditlərindən istifadəsinin ən asan yollarını müəyyən etməkdir. İpoteka alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Bankların sayı, vəsaitlər artırılmalıdır. Buna imkanımız da var. Valyuta ehtiyatımız 50 milyard dolların üzərindədir. Onun hansısa bir qismi yetərlidir ki, Azərbaycanın gənc nəsil ipotekaya cəlb olunaraq, mənzil şəraitini yaxşılaşdırsın. Bu siyasət artıq var və cənab prezidentin tövsiyələri həm bank sektorunda, həm İqtisadi İnkişaf Nazirliyində, həm də gənclərlə bağlı proqramlarda nəzərə alınır".

 

Şöbə müdiri qeyd edib ki, mövcud iki proqram çərçivəsində gəncliyin inkişafına, o cümlədən intellektual kəsimin inkişafına 100 milyon manata qədər vəsait nəzərdə tutulub.

 

O, gənc alimləri daha yuxarı elitada təmsil olunmağa çağırıb: "Siz təmsil olunmayanda intellekti aşağı olan insanlar o yerləri tuturlar. Azərbaycan mətbuatına baxın. Görün, bəzi hallarda kimlər cəmiyyəti yönəltməyə səy göstərir? İntellektual səviyyəsi sizdən qat-qat aşağı, lakin fəallığı sizdən qat-qat yüksək olan insanlar. Niyə onlar Azərbaycan cəmiyyətini yönəltməyə sizdən çox səy göstərməlidirlər?! AMEA gəncliyi bu gün ortaya fəallıq nümunəsi qoymalıdır. Azərbaycan prezidenti akademiya gəncliyindən bunu gözləyir. Çox təəssüflər olsun ki, son illərin praktikasına əsasən gənclər daha çox elmə deyil, biznesə maraq göstərirlər".

 

PA rəsmisi gənc alimlərin seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəkləməsinə də münasibət bildirib: "Deməli elitar gənclik tərəfindən dəstəklənən siyasət yaşamağa layiqdir".