Koronavirus Ermənistanı diz üstə qoyur

14 Aprel 2020 12:48 (UTC+04:00)

Ermənistanda koronaviris nəzarətdən çıxıb və bunu ölkənin səhiyyə naziri də etiraf edir. Belə ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirus pandemiyasının yayılmasının nəzarətdən çıxdığını açıqlayıb: “Biz koronavirusun yayılmasını dayandırdığımızı və infeksiya ocağını tamamilə söndürdüyümüzü deyə bilmərik. Məsələn, əvvəllər biz bir mənbədən 50 fakt qeydə alırdıqsa, indi 10, yaxud 20 mənbədən 16, 20, 30 hadisə aşkarlayırıq. Ona görə də koronavirusun dövriyyəsinin nəzarətdən çıxdığını deyə bilərik”. Son məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 1 039-a çatıb. Son sutkada virusa daha 26 nəfər yoluxub, 1 nəfər ölüb. Bununla da virusdan ölənlərin say isə 14-ə çatıb. Koronavirusa yoluxma halı indiyədək bu infeksiyadan azad olan yeganə Ermənistan bölgəsi - Qeğarkunik rayonunda da aşkar olunub. Bu ölkədə vəziyyətlə bağlı olaraq dəmir yolu və taksidən başqa, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Vətəndaşların bölgələrası hərəkəti məhdudlaşdırılıb. Ermənistan parlamenti ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Onu da vurğulayaq ki, koronavirusdan qabaq onsuz da ağır durumda olan Ermənistan iqtisadiyyatı bu olaydan sonra daha acınacaqlı vəziyyətə düşüb. Hakimiyyət isə zərər görən sahibkarlar və əhalinin qeydinə qalmaq istiqamətində demək olar ki, heç bir addım atmır və yaxud atmaq gücündə deyil. Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Ermənistan hökuməti virusa qarşı mübarizədə məsuliyyətsiz olmaqla yanaşı, aciz olduğunu da ortaya qoyub: “Koronavirus pandemiyası bütün dünya ölkələrini əsarəti altına alıb. Ən güclü fövqəldövlətlər belə virusun qarşısında acizdir. Bu, bir həqiqətdir. Belə olan vəziyyətdə təbii ki, cılız dövlətlər üçün daha kritik vəziyyət yaranır. Bu baxımdan Ermənistan da istisna deyil. Çünki böyük və güclü dövlətlərin bu bəla ilə mübarizə aparmaq üçün resurs və imkanları hər halda genişdir. Onlar bu istiqamətdə mümkün addımları ata bilirlər. Ermənistana gəldikdə, işğalçılıq siyasəti ucbatından blokada vəziyyətində olan bu dövlət iqtisadi böhran keçirir. Hakimiyyət uğrunda sözün həqiqi mənasında ölüm-dirim mübarizəsi gedir. Revanşistlər Nikol Paşinyanın hakimiyyətini qəbul etmək istəmir. Ölkə daxilən siyasi baxımdan da çox zəifdir. İqtisadi resursları olduqca aşağı vəziyyətdədir, maliyyə imkanları məhduddur. Belə olan vəziyyətdə Ermənistan Azərbaycan dövləti kimi preventiv, profilaktiv, ardıcıl və sistemli addımlar atmaq iqtidarında deyil. Bu azmış kimi Ermənistan rəhbərliyi belə bir vəziyyətdə yenə də məsuliyyətsiz addımlar atır. Bütün bunlar İrəvanın koronavirusla mübarizəyə məsuliyyətsiz yanaşmasının göstəricisidir. Bu məsuliyyətsiz yanaşmanın ən mühüm göstəricisi isə İrəvanın qondarma rejimdə təşkil etdiyi saxta seçki oyunu idi. Belədə onlar virus pandemiyası dövründə insanların kütləvi şəkildə bir yerdə olmasına rəvac verdilər. Bu isə İrəvanın koronavirusla mübarizədə məsuliyyətsiz davranışının ən parlaq nümunəsidir”. Həmsöhbətimizin fikrincə, yaranmış vəziyyətdə Ermənistanda koronavirusun yayılmasının daha geniş vüsət alacağı real olaraq gözləniləndir: “Hansı ki, hazırda Ermənistanda məhz bu proses gedir. Ermənistan bu zaman öz acizliyini də ortaya qoyub. İş o yerə çatıb ki, qondarma “soyqırımda” ittiham etdiyi Türkiyənin əl-ayağına düşərək ona dəstək verməsi üçün yalvarır. Bütün bunlar onu ifadə edir ki, Ermənistan dövləti işğal siyasətinə son qoymayınca, hər zaman zəif olaraq qalacaq. Belə təhlükəli hallarda isə sözün həqiqi mənasında müdafiəsiz qalacaq. Bugünkü hadisələr bir daha təsdiqləyir ki, fors-major hallara Ermənistan heç bir halda hazır deyil. Hadisələrin indiki gedişaatı ona dəlalət edir ki, Ermənistanın virusla bağlı hansısa bir konkret mübarizə strategiyası yoxdur. Bunun üçün maliyyə-iqtisadi imkanları yoxdur. Eyni zamanda, işğalçı dövlətin özü prosesə məsuliyyətsiz yanaşır. Belə olan vəziyyətdə bu ölkənin vətəndaşları da adekvat addımlar atır. Bu ölkədə ölüm hallarının artması, iqtisadi durumun yaxşılaşdırılması ilə bağlı İrəvanın heç bir addım atmaması, zərər görən sahibkarlara dövlət tərəfindən olduqca minimum səviyyədə verilən dəstək, işsizlərə hər hansı bir yardım göstərilməməsi, hökumətin insanları taleyin hökmünə buraxması təbii ki, Ermənsitan cəmiyyətində narazı olan elektoratın sayının daha da artmasına gətirib çıxarır. Belədə koronavirus pandemiyası bir qədər də uzansa, sözün həqiqi mənasında Ermənistanda ciddi daxili toqquşmalar baş verəcək, əhali kütləvi şəkildə küçələrə çıxacaq”. Rüfət NADİROĞLU