Koronavirus bioloji silahdır?!

14 Aprel 2020 12:59 (UTC+04:00)

Hazırda yüz minlərlə insanın yoluxduğu, on minlərlə insanın öldüyü koronavirusun bioloji silah olmasına dair iddialar son zamanlar daha geniş vüsət almağa başlayıb. Bəzi ekspertlər iddia edir ki, koronavirus bioloji silahdır və insanların sayının azaldılması üçün istifadə edilir. İran da bu fonda koronavirusun bioloji silah kimi istifadə ehtimalını araşdırır. Bunu İran Silahlı Qüvvələrinin səhiyyə idarəsinin rəisi Həsən Əraqzadə deyib. "Artıq bütün ölkələr bu vəziyyətin arxasında bioloji müharibə ehtimalının dayanıb-dayanmadığını bilmək üçün araşdırma aparır”, - Əraqizadə deyib. Onun sözlərinə görə, hazırda İran alimləri də COVİD-19-un bioloji müharibə vasitəsi olma ehtimalını araşdırırlar. Bir müddət əvvəl isə İran İslam Respublikası İnqilab Qvardiyası Korpusunun komandiri Hüseyin Salami koronavirusun Amerika tərəfindən hazırlanan bioloji silah olduğunu vurğulamışdı. Hətta İsraildə də bir sıra siyasilər koronavirusun bioloji silah olduğunu iddia edirlər. Belə bir açıqlama ilə İsrail parlamentinin (Knesset) üzvü Orli Levi-Abukasis çıxış edib. İsrailli deputatın sözlərinə görə, koronavirus heyvandan insana ötürülən xəstəlik deyil, laboratoriyada hazırlanan bioloji silahdır: "O, əvvəlcədən hazırlanmış və testdən keçirilmiş bioloji məhsuldur". Böyük Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti də koronavirusun yayılması ilə bağlı gündəmi alt-üst edən məqalə yayımlayıb. Ciddi dəlillərə əsaslandırılan məqalədə qeyd olunur ki, ABŞ və Çin virusun ortaya çıxdığı iddia edilən Uhan Virusologiya İnstitutunda birgə bioloji eksperimentlər aparıb. İddialara görə, ABŞ yarasalar üzərində aparılan təcrübələr üçün 3,7 milyon dollar vəsait ayırıb. Məqalədə vurğulanır ki, virus yarasalara yoluxandan sonra bir müddət dəyişikliyə məruz qalıb. Yarasaların immunitet sistemi güclü olduğuna görə, “Covid-19” bu canlılarda ciddi fəsad törətməyib. Lakin virus məməli heyvanlara yoluxandan sonra ölümcül hal alıb. Uhan Virusologiya İnstitutundan 600 kilometr məsafədə yerləşən mağaradakı heyvanlarda “Covid-19”un tapılması da bununla izah edilir. Politoloq Cümşüd Nuriyevin fikrincə də, “Covid-19” bir sıra qüvvələr tərəfindən yaradılan bioloji silahdır: “Artıq dünyanın aparıcı alimləri, siyasətçilər belə koronavirusun bioloji silah olduğunu gündəmə gətirir, dəyərləndirirlər. Çin, ABŞ, Türkiyənin üzdə olan siyasətçiləri birmənalı şəkildə virusun bioloji silah olduğunu qeyd edirlər. Məsələ ondadır ki, bu virus bəzi ölkələrdə ayrı formalarda özünü göstərir. Yəni virusun bir növü vardısa, bu, hamıya eyni cür təsir etməli idi. Hər hansı bir virus seçim apara bilirsə, artıq bu, bioloji silahdır. Necə olur ki, ABŞ-da 500 mindən çox insan koronavirusa yoluxub, amma amerikan alimləri bu virusun əsas 3 qrup adamları daha çox öldürdüyünü gündəmə gətiriblər. Bunlar ispandillilər, afroamerikanlar və asiyalılardır. Amma nə ingilislərə, nə irlandlara, nə də ABŞ-da olan digər ağdərililərə virus toxunmur. Çinə gəldikdə, iri şəhərlər olan Pekin, Şanxay, Nankin və Honkonqda bu virusa yoluxan yoxdur. Necə olur ki, Uxanın yaxınlığında yerləşən şəhərlər yoluxmur, amma 8600 km məsafədə yerləşən İtaliyaya virus ciddi təsir göstərib? Qəribədir. Birmənalı şəkildə, bu hadisə əvvəlcədən müəyyən qruplar, şirkətlər tərəfindən hazırlanmış olaydır. 100 ildən sonra məlum olub ki, “ispan qripi”nin yayılmasının arxasında o zamanlar məhz Rokfellər durubmuş. Rokfellerin “qızıl milyard” deyilən siyasəti var. Ona görə dünyada bir milyard insan yaşamalı, onlar da Rokfellerə xidmət etməlidir. Yerdə qalan əhali isə onlar üçün artıqdır. Virusun yayılma trayektoriyasına baxanda görürük ki, burada həmin iri şirkətlərin fəaliyyətinə maneə törədən dövlətlər cəzalandırılır. Belədə, koronavirusun da növbəti bioloji silah olduğuna şübhə yeri qalmır. Bunun da arxasında yuxarıda qeyd etdiyim qüvvələrin dayandığı artıq birmənalı şəkildə ortadadır. Tam məsuliyyətlə demək olar ki, virus ayrı-ayrı dövlətlər, qüvvələr tərəfindən yeni gəlir mənbəyi əldə etmək, dünyada yeni iqtisadi düzən formalaşdırmaq, digər insanlarda olan resursları ələ keçirmək, bütövlükdə dünya ağalığına nail olmağa hesablanmış addımdır. Eyni zamanda, peyvənd adı ilə insanlara növbəti çipləri yerləşdirəcəklər. Artıq o çiplər vasitəsilə də insanları idarə etmək çox rahat olacaq. Belədə dünya yeni təhlükəli sınaq qarşısındadır. İnsanların gələcəkdə vahid mərkəzdən idarə edilməsi məsələsini gündəmə gətirəcəklər. Deməli, dünyamız da birmənalı şəkildə həmin adamların əlində olacaq”.

Rüfət NADİROĞLU