Məhbus həmcinsi ilə eşq yaşayan yazıçı

14 Aprel 2020 21:31 (UTC+04:00)

Mövqe.az Kulis.a-a istinadən  “Həyatı film olanlar” layihəsində “Gecəyarısı ekspressi” bədii filmini təqdim edir.

Britaniyalı rejissor Alan Parkerin 1978-ci ildə ekranlara çıxan, ən yaxşı uyğunlaşdırılmış ssenari və ən yaxşı musiqi nominasiyasında Oskar alan “Gecəyarısı ekspressi” haqda yazıb-yazmamaq haqda tərddüd elədim. Səbəbini irəlidə izah edəcəm. Film amerikalı Uilyam Heysin memuarları əsasında ekranlaşdırılıb.

Uilyam Heys 1947-ci ildə Amerikada doğulub. Yazıçı və aktyordur, əsasən Billi Heys kimi tanınır. Bu real hadisə 1970-ci ildə Türkiyədə baş verib. Uilyam Heys geri vətəninə qayıdanda, alış-veriş məqsədilə bədəninə xeyli miqdarda narkotik maddə bağlayır. Ancaq Heys mühüm bir məsələni gözardı edir. Həmin illərdə Türkiyədə terror aktlarının qarşısının alınması üçün hər yerdə, həmçinin, hava limanında polisin güclü nəzarəti vardı. Heys hava limanında bir neçə nəzarət məntəqəsini keçsə də, sonucda yaxalanır. Heys həbs olunur. İstanbul məhkəməsi tərəfindən 4 il azadlıqdan məhrum edilir. Onu yoluxmaq üçün atası Amerikadan gəlir, vəkil tutulur və azadlığa çıxmasına 53 gün qalmış Ankaranın Ali Məhkəməsi işə yenidən baxır. Heysə 30 il hökm kəsilir. O, Sağmalcılar həbsxanasında saxlanılır.

Heys həbsə olarkən məhbus yoldaşlarından biri ona gecəyarısı ekspressi haqda danışır. Bu söz həbsdən qaçmaq anlamını veir. Heys bir neçə dəfə qaçmağa cəhd göstərsə də ələ keçir. Onunla sərt davranan məhbus yoldaşlarından biri ilə mübahisəsi düşür. 1972-ci ildə Bakırköy psixiatriya xəstəxanasına göndərilir.

Amerikanın dövlət departamenti Heysin ölkəsinə geri verilməsi üçün Türkiyəyə təzyiqlər göstərib. Ölkənin o vaxtkı xarici işlər naziri Melih Esenbel Amerikanın Türkiyə məhkəmələrinin hökmlərinin icrasına müdaxiləyə haqqının olmadığını bildirib. Bundan başqa Esenbel qeyri rəsmi olaraq bəyan etmişdi ki, Heysin azadlığa buraxılması yalnız humanist əsaslarla mümkündür. Yəni bu halda onun fiziki və psixi salamlığı pisləşməlidir. Amerika diplomatları ilə söhbətində Heys bildirir ki, psixiatrik xəstəxanya yerləşdirilməsi ona ağır psixoloji ziyan vurub. Və o, xəsətəxana adminstrasiyasının onu uyğun həbsxanaya yerləşdirəcəyinə əmin deyil.

1975-ci ildə Türkiyənin Konstitusiya Məhkəməsi narkotik alverçiləri ilə bağlı amnistiya elan eləyir və nəticədə Heysin cəza müddəti yalnız 25 ilə endirilir. Heys İmralı adasındakı həbsxanaya köçürülür. Ameirka dövlətinin Türkiyə ilə yazışması nəticəsində Heysin 1978-ci ildə azad olunacağı gözlənilirdi. Yəni yerli prokuror onu “persona non qrata” elan edərək ölkədən göndərməliydi.

Ancaq Heys həbsdən qaçaraq Yunanıstan tərəfə keçir. Yunanıstanın hərbi kəşfiyyatı onu dindirəndən sonra Almaniyaya yola salınır.

1977-ci ildə Heys Uilyam Hofferlə birgə həyatının bu dönəmi haqda “Gecəyarısı ekspressi” kitabını yazır. Daha sonra məşhur amerikalı rejissor Oliver Stoun kitab əsasında ssenari yazır, Alan Parker isə onu ekranlaşdırır.

Nədən bu haqda yazmağa tərəddüd elədim? Filmdə Türkiyənin bir ölkə kimi obrazı tamamən təhrif olunub. Filmdən belə anlaşılır ki, ölkənin heç bir müsbət tərəfi yoxdur, məhkəmə, həbsxana əməkdaşları arasında isə bir vicdanlı, dürüst insan işləmir. Türklərin hamısı savadsız və riyakardırlar. Bir epziodda Heysi yoluxmağa gələn atası (Mayk Kellin) türk mətbəxinin iyrənc olduğundan danışır. Müxtəlif janrlarda işləyən Alan Parker 1985-ci ildə Kann festivalının mükafatçısı olub. Oliver Stoun isə siyasi bədii və sənədli filmləri ilə tanınıb.

“Gecəyarısı ekspressi” rejissura baxımından peşəkar çəkilsə də, həddən ziyadə və sanki qəsdən türkləri neqativ göstərmək məqsədilə amansız, qəddar işgəncə səhnələri ilə yüklənib. Məqaləni sadəcə yerli tamaşaçıların bu film, Oliver Stoun, Alan Parker kimi tanınan kinematoqrafçıların konyunktura yol verməsi haqda məlumatlı olması üçün yazıram. Yeri gəlmişkən, sonralar Oliver Stoun da, Heys də Türkiyədən üzr istəyib. Bu barədə az sonra danışacam.

Filmin süjeti Heysin kitabından fərqlənir. Rejissor göstərir ki, Heys(Bred Devis) həbsxana gözətçisi Hamidi (Pol Smit) öldürür, onun formasını geyərək qaçır. Əslində isə o, Heysin qaçışına qədər öldürülmüşdü.

Reallıqda Heys Türkiyəyə tək səyahət edir. Filmdə isə Heysin sevgilisi Süzan (Ayrin Mirakl) ilə birlikdə olduğu göstərilir. Bundan başqa kitabda Heysin həbsxana nəzarətçiləri tərəfindən işgəncəyə məruz qalması səhnələri yer almayıb. Yuxarıda dediyim kimi süjetdə gen-bol işgəncə səhnələrindən istifadə olunub, bununla da müəlliflər qəhrəmanın nəticədə insanlıqdan çıxaraq heyvana çevrildiyini göstəriblər. Üstəlik, filmdə Heysin əcnəbi məhbus yoldaşı ilə homoseksual münasibətlərdə olduğu da təsvir olunub. Kitabda Heys İmralı adasından dəniz yolu ilə qaçır. Filmdə bu səhnələr yer almayıb. Çünki Heysin qaçışının təfsilatlarının göstərməkdən ötrü maliyyə çatmayıb.

Filmdəki türk obrazlarlnı əsasən yunan, erməni aktyorlar canlandırıb. Filmin süjetinə görə hadisələr Türkiyə ərazisində baş verir. Amma çəkilişlər Maltanın Valetta şəhərində aparılıb. Çəkilişlərin Maltada baş tutmasına səbəb Türkiyə hakimiyyətinin buna öz ərazisində izn verməməsi olub. Türk məmurları ssenaridə ölkələrinin mənfi obrazda təsvirini qəbul etməyiblər.

Heys roluna Riçard Gir və Con Travolta iddia eləsələr də, son nəticədə Bred Devis çəkilib.

Maraqlı məqamlardan biri budur ki, filmdə Heys onu satan və pis rəftar edən Rifkinin (Paolo Bonaçelli) dilini dişləyir. Çəkiliş qrupu bu səhnənin dəstəkləməyib və meydançanı tərk edib. Həmin səhnənin çəkilişi zamanı rejissor iki aktyorla qalıb. Heys rolunun ifaçısı bu səhnədə ağzında donuz dilini tutmalı olub.

1999-cu ildə Kann festivalında Türkiyənin reklam sənayesinin nümayəndələrindən biri Alinur Velidedeoğlu Heyslə təsadüfən rastlaşır və ondan müsahibə alır. Heys filmlə bağlı ona məyusluğunu bildirir. Xüsusən süjetdə Türkiyənin obrazının təhrif olunmasına görə. O, eyni zamanda Türkiyəyə, İstanbula bağlılığının olduğunu da deyir. Türkiyəyə yenidən gəlmək istədiyini deyən Heys buna cəsarət eləmədiyni, türklərin çoxunun onu filmə görə ittiham edəcəyindən çəkindiyini bildirir.

Bununla belə Heys 2007-ci ildə Türkiyəyə demokratiya və qlobal təhlükəsizlik məsələləri ilə bağlı ikinci İstanbul konfransında iştirak etmək üçün gedir. Bu səfəri zamanı o, mətbuat konfransı keçirərək türk xalqından üzr istəyir.

“Gecəyarısı ekspressi” real hadisələr əsasında çəkilsə də, Heys bəyan edir ki, təsvir olunan hadisələr çox şişirdilib, bəzi hallarda isə uydurulub. Heys müxtəlif vaxtarda verdiyi müsahibələrdə Türkiyə ilə bağlı fikir və xatirələrinin filmdə olduğu kimi yalnız neqativ şeylərdən ibarət olmadığını deyib. O, eyni zamanda filmdə Türkiyənin pis göstərilməsindən vicdan azabı duyduğunu bildirib.

2004-cü ildə isə Türkiyəyə gələn gələn Oliver Stoun da hadisələri dramtizə etdiyini etriaf edərək üzr istəyib.