Prezident: İşləməyən insanlara yardım göstərilməlidir

14 Aprel 2020 21:54 (UTC+04:00)

“Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir”.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Prezident bildirib ki, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar:

“Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.