Bəlanı önləyən tədbirlər həmişə nümunəyə çevrilir

15 Aprel 2020 08:27 (UTC+04:00)

Pandemiya nə qədər dəhşət saçsa da, insan fəaliyyəti sayəsində yaranan və fəsadlarla müşayiət edilən viruslara bağlıdır. Məhz buna görə də insanların özləri tərəfindən dəf edilməli, görülən tədbirlərlə virusun qarşısı alınmalıdır. Yeni növ koronavirus gözlənilmədən indiyədək 210 ölkədə sürətlə yayılıb. Hansı dövlətdə hökumət çevik tərpənib, vaxtında səmərəli tədbirlər görübsə, həmin ölkədə virusun yayılma miqyası kiçikdir. Lakin problemə soyuqqanlı yanaşa ölkələrdə və buna adekvat olaraq əhalinin saymazyana münasibəti koronavirusun tüğyan etməsinə, on minlərlə insan həyatına son qoymasına gətirib çıxarıb.

İndi dünya gündəminin bir nömrəli məsələsi pandemiyanın qarşısının alınmasıdır. Hər bir hökumət müxtəlif tədbirlərlə karantin rejimi tətbiq edir və xalqı bu bəladan qurtarmağa çalışır.

Təbii ki, Azərbaycan da bu sahədə ciddi fəaliyyət proqramı hazırlayıb həyata keçirir. Ölkə rəhbərliyinin idarəetmə strukturunda çevik qərarların qəbulu mexanizmi sahəsin apardığı islahatların müsbət nəticəsi koronavirusa qarşı mübarizədə özünün bütün parametrləri ilə doğruldub. Hələ ay yarım əvvəldən başlanmış iş bu günlərdə daha da sərtləşdirilib. Söhbət insanların mümkün olan bütün vasitələrlə təcrid olunmuş formada yaşam tərzinə keçirilməsidir.

İlk bqaxışda bu iş sadə görünsə də, tətbiq ediləndə nə qədər çətin olduöu meydana çıxır.  Çünki təcridetmə proqramı əksər iş sahələrinin, istehsalın dayanmasını tələb edir. “Belə olan halda bəs insanlar necə qidalanmalıdırlar və işləməyib maaş almayanların iqtisadi vəziyyəti necə olacaq?” sualı cəmiyyəti silkələyir. Buna görə də karantin vəziyyəti ilk növbədə sosial-iqtisadi və humanitar problemlər yaradır və sabitliyi qotumaq üçün mütləq kompleks uzlaşma tədbirlərinin görülməsini zərurətə çevirir. Bu tədbirlər görülüb və əhalinin yaşayış xərclərinin böyük hissəsini dövlət öz üzərinə götürüb.

Prezident İlham Əliyevin operativ göstərişləri bütün bu sadalanan istiqamətlərdə vaxtında lazımı işlərin görünməsini təmin edib və nəticədə Azərbaycanda panbdemiyanın fəsadları çox böyük ölçüdə önlənib. Yəni ölkəmizin pandemiyanın episentrinə çevrilməsinə yol verilməyib və Ümumdünya Səhiyyə Təşkilatının diqqətini cəlb edib. Bu səbəbdən təşkilatın rəhbərliyi respublika rəhbərliyinə razılıq məktubu ümvanlayıb. Bir sıra dövlətlər də Azərbaycanda həyata keçirilən tədbirlərin daha mükəmməl olmasına diqqət edib və bundan faydalanmaq istəyini bildirib.

Türkiyənin “Haber Global” kanalı ölkəmizdə koronavirus (COVİD-19) ilə bağlı görülən işlərdən bəhs edən süjet hazırlayıb. Süjetdə Azərbaycan hökumətinin yeni növ koronavirus pandemiyasının yayılması ilə mübarizə tədbirləri çərçivəsində gördüyü işləri bir uğur modeli kimi digər ölkələrə nümunə göstərilib

Ukrayna siyasətçiləri və mediası mütəmadi olaraq, COVID-19-la savadlı mübarizə baxımından Azərbaycanı ölkəmiz üçün nümunə kimi qeyd edirlər. Niyə Azərbaycan bu sahədə uğur qazanır, amma Ukraynada vəziyyət belə deyil? Ukraynalı mütəxəssislər bunu araşdırırlar. Ukraynanın məşhur ictimai və siyasi xadimi, tibb elmləri namizədi, iqtisad elmləri doktoru, akademik Anatoli Peşko bu haqda fikrini belə izah edib: “Xoşbəxtsiniz ki, Azərbaycanın bu cür prezidenti və hökuməti var”.

Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün aprelin 20-nə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var.

Bundan başqa ölkəmizdə yeni, müasir tibb müəssisələri açılıb. Karantin qaydalarını qorumaq üçün lazım olan maska tipli əşyaların istehsalını qısa müddətdə yoluna qoymaqla Azərbaycan bir çeviklik nümunəsi nümayiş etdirib. 10 modul tipli xəstəxana tikilib. Əhalinin evdən çıxması bu günlərdə tənzimləmələrlə baş verir, cəmiyyətin üzvləri araslında təmaslar minimuma endirilib.

Nəticələr də buna görə qənaətbəxşdir. Belə ki, Azərbaycanda virusa yoluxanların sayı az, həyatını itirən pasiyentlərin sayı minimumdur, ondan sağalanların sayı isə yüksəkdir.

N.NOVRUZ