Azərbaycan hərbi təlim keçirəndə Ermənistanda həyəcan təbili çalınır

15 Aprel 2020 08:37 (UTC+04:00)

 

Heç kimə sirr deyil ki, Azərbaycan müharibə şəraitindədir və torpaqlarının işğaldan azad olunması xalqımızın qarşısında müqəddəs vəzifə kimi durur. Bu səbəbdən ordumuz dinc dövrlərə nisbətən döyüş təlimlərini daha intensiv planlaşdırır və həyata keçirir. Digər tərəfdən, Azərbaycan öz ordusunun ən müasir silahlarla təchizatını sürətlə aparır. Bu da yeni alınmış silahların ordunun şəxsi heyəti tərəfindən mənimsənilməsini zərurətə çevirir və bu da hərbi təlimlərlə nəticələnir. Daha bir səbəb real döyüş şəritində bacarıqları artırmaq üçün müxtəlif relyefə məxsus ərazilərdə, xüsusilə də düşmənlə sərhəd bölgələrində və təmas xətti istiqamətində təlimlərin təşkil edilməsidir. 

Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən hazırda ümumqoşun poliqonlarında artilleriya bölmələrinin döyüş atışlı məşqləri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırlıq məşqlərinin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və onların döyüş uzlaşmasının səviyyəsinin artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir. Təlimin gedişində raket və artilleriya qoşunlarının müxtəlif bölmələri döyüş atışları icra edir.

Təbii ki, yerinə yetirilən döyüş atışlarının sədası düşmən tərəfdə aydın eşidilir və erməni ekspertlərin mətbuatda yazdıqlarına görə, bu atışlar hərbçiləri diksindirir, əhalinin isə canına qorxu salır.  Təsadüfi deyil ki, ermənilər Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı təlimləri Ermənistan üçün təhlükəli adlandırır. Çünki həm sıravi ermənilər, həm də erməni hərbi mütəxəssisləri yaxşı bilir və etiraf edirlər ki, Azərbaycan ordusu onların silahlı qüvvələrindən dəfələrlə güclüdür.

“Modus Vivendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan Azərbaycanın hərbi təlimlər yolu ilə Yerevana təzyiq göstərmək istədiyini deyib: “Azərbaycan Ermənistanı yavaş müharibəyə sürükləmək və onun bütün resurslarını tükəndirməyə çalışır”. Papyan Azərbaycanın ağır artilleriya və zirehli texnikadan istifadə etməsini təhlükəli fakt adlanıdırıb. Onun fikrincə, təlimlər hücum əməliyyatlarına xasdır: “Azərbaycan prezidenti orduya Qarabağı azad etməyə hazır olmağı tapşırıb. Azərbaycan ordusu buna hazırdır”.

Politoloq Karen Vratesyanın isə fikrincə, təlimlərdə çoxsaylı hərbçinin və texnikanın toplaşması Ermənistanda narahatlıq hissi yaradıb: “Təlimlər çox güman ki, aprel döyüşlərinin ildönümünə həsr olunub. Çoxminli ordunun sərhədlərimizə yaxın yerdə təlim keçirməsi narahatvericidir”.

Azərbaycanın hərbi üstünlüyü ermənilərdə psixoloji gərginliyi artırır və daha çox erməni ictimai xadimi münaqişənin həlli üçün çağırışlar edir. Azərbaycan Ordusunun gücünü bilən işğalçı

Ermənistan ordusu daim qorxu içindədir. Bunu düşmən ölkənin hərbçiləri, hərbi ekspertləri də çıxışlarında dəfələrlə etiraf ediblər. Onlar bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür.

Erməni KİV-lərində bu günlərdə yayılmış xəbərə görə, ABŞ-ın Los-Anceles şəhərində yaşayan erməni rəssam, ictimai xadim Nikol Ağababayan qeyd edib ki, ermənilər təhlükə qarşısındadırlar: “Əgər Qarabağı itirsək, bu, rus üçün gözəl, şirin bir yer olacaq, burada onun işi olacaq, həm Azərbaycanı, həm İranı, həm də Ermənistanı ümumilikdə ləğv edəcək. Biz çox ciddi təhlükələr qarşısında dayanmışıq, buna görə də, fikrimcə, hər kəs şəxsi problemlərini bir kənara qoymalı və bir istiqamətə baxmalıdır, bir-birinə kömək etməlidir və bu vəziyyətdən qalib kimi

çıxmağa çalışmalıdır. İqtisadi cəhətdən olmasa da, heç olmasa siyasi cəhətdən. İndi Qarabağ məsələsini həll etmək üçün ən düzgün andır”.

Ağababayan, görünür ki, Azərbaycanın işğala son qoyacağı vaxtın yaxınlaşdığını artıq duyur.

Buna görə də vaxtın yetişməsindən danışır. “Vəziyyətdən qalib çıxmaq” barədə o nə düşünür, necə düşünür öz işidir. Amma artıq yaxşı-pis hamı, beynəlxalq qurumlar da Ermənistanın işğalçı olduğunu bildirir. Belə olan halda məlum məsələdir ki, erməni silahlı qüvvələrinin Azərbaycan torpağından çəkilməsi məsələnin həlli üçün ən məqbul işdir. Yaxşı olardı ki, erməni ictimai xadimlər bu istiqamətdə çağırışlar etsinlər ki, canlarında olan qorxunu səngidə bilsinlər. Əks halda məsələnin həlli anının yetişdiyini Azərbaycan əsgərləri yaxşı bilir və buna ən qısa zamanda son qoymaq gücündədirlər.

N.NOVRUZ