Azərbaycan üzv olduğu təşkilatlara yeni nəfəs verir

15 Aprel 2020 08:49 (UTC+04:00)

Müasir dövr siyasətində hərəkətlilik, təşəbbüskarlıq olmadan uğur qazanmaq mümkün deyil.

Hətta tarixən yığılan sərvətlər belə xarici aləmdə ciddi rol oynamır. Çünki inkişaf üçün yalnız maliyyə resursları bəs etmir. Daim çalışmaq, yeni ideyalarla münasibətləri möhkəmlətmək və başlıcası qarşılıqlı mənfəətə əsaslanan layihələr irəli sürməklə ümumi inkişafla gələcəyə təminat yaratmaq mümkündür. Biz razılıq hissi ilə qeyd etməliyik ki, bu mövqe baxımından Azərbaycanın beynəlxalq orbitdəki yeri kifayət qədər mərkəzə yaxın və ən fəal mövqelər sırasındadır.

Tarixin səhifələrində imperiyalardan qurtularaq müstəqil yola qədəm qoyan minlərlə dövlətin adını çəkmək olar. Lakin həmin dövlətlərin heç də hamısı siyasi strategiyası və iqtisadi fəaliyyəinə görə fərqlənə bilməyib və fərqlənənlərin sırasında itib-batıb. Xoşbəxtlikdən Azərbaycanın taleyi möhkəm əllərdədir və ölkəmizin təşəbbüskarlığı dünya birliyi tərəfindən razılıq hissi ilə qarşılanır, təqdir olunur, ona nüfuz və hörmət qazandırır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda 40-a qədər sanballı regional və beynəlxalq təşkilatın tam hüquqlu üzvüdür və öz işi və fəallığı ilə daim diqqəti cəlb edir.

Bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına iki illik müvəqqəti üzv olanda Azərbaycan bu mühüm postdakı fəaliyyəti ilə də fərqlənmişdi. Bir faktı unutmaq olmaz ki, bu posta dövlətlər seçilir, təyin olunmur və ölkəmiz bu haqqı gərgin mübarizə sayəsində əldə etmişdi. Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin rolunun artırılması xüsusi önəm daşıyır. Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edir. Ölkəmiz beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Azərbaycan BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

 

2011-ci ilin oktyabr ayında Azərbaycan qısa tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. BMT-yə üzv dövlətlərin 155-nin dəstəyi nəticəsində ölkəmizin BMT TŞ-yə seçilməsi Azərbaycanın dünyada qazanmış olduğu hörmət və qlobal təhlükəsizliyə töhfəsinin göstəricisi idi. 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT TŞ-yə sədrliyi dövründə Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq münasibətlərdə ədaləti müdafiə etmişdir. Azərbaycanın BMT TŞ-dəki üzvlüyü 2013-cü ilin dekabrında başa çatmışdır.

Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğu doqquz il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin sentyabrında keçirilən XVII Zirvə Görüşündə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının yekdil rəyi ilə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul olunub. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında Azərbaycanın iştirakı həmişə yeni təşəbbüslərlə dəstəklənir. Xarakterindən asılı olmayaraq bütün proqramlardakı layihələrdə ölkəmiz müstəqilliyi, regionun xarakterik xüsusiyyətlərinin nəzərə alınması prinsipi ilə çıxış edib. Məhz buna görədir ki, Azərbaycanın təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı”nın 6 ölkədə həyata keçirdiyi layihələrdə fərdi xüsusiyyətlərin diqqətə alınması qarşılıqlı razılıq əsasında qəbul edilib və bundan sonra aparılan iş daha məqsədyönlü və sürətli məcraya düşüb.

Bu günlərdə Türk Şurasının Zirvə görüşü də quruma hazırda sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilib. Bu dünyada baş vermiş pandemiya səbəbindən olduqca təxirəsalınbmaz addım oldu. Çünki şuraya üzv ölkələrin hamısı bu qlobal bəladan əziyyət çəkir və ona qarşı mübarizə də qlobal səfərbərlik tələb edir. Məhz bu baxımdan koronavirus mövzusunda aparılan müzakirələr türk dövlətlərinin gördükləri tədbirlərin əlaqələndirilməsi, qazanılan təcrübənin bölüşdürülməsi ilə daha ardıcıl istiqamət alacaq.

Videokonfrans formatında təşkil edilən Zirvə görüşü qurumun işinə yeni nəfəs vermiş oldu və hesab etmək olar ki, bu hadisə yeni texnologiyalar fonunda beynəlxalq görüş formatının baş məşqi kimi tarixdə qalacaq. Nə üçün bundan sonra təcili əhəmiyyət kəsb edən BMT, Qoşulmama Hərəkatı, İsıam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların videokonfrans formatında keçirilməsin?! Bu, sürət və iqtisadi sərfəlilik baxımından olduqca əhəmiyyətlidir. Gözəl təşəbbüslər həmişə özünə yol açmağı bacarır. İnamla demək olar ki, Bakının bu təşəbbüsünün digər təşkilatlarda da tətbiqinə tezliklə şahidlik edəcəyik.

N.NOVRUZ