Postpandemiya dövründə iqtisadiyyat yeni tələblərə uyğunlaşdırılacaq

15 Aprel 2020 10:15 (UTC+04:00)

Koronovirus pandemiyasının Azərbaycan iqtisadiyyatında yaratdığı neqativ təsirlər göstərdi ki, iqtisadiyyatın neftdən kənar sahələrinin inkişaf etdirilməsi, qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması, dövlət büdcəsinin gəlirlərində qeyri-neft iqtisadiyyatının payının artırılması vacibdir. Yalnız bu halda Azərbaycan iqtisadiyyatı xarici neqativ təsirlərə qarşı daha da dözümlü olar, xaricdə baş verən arzuedilməz dəyişikliklərin ölkənin iqtisadi həyatına zərər vurması minimuma enər. 

Əslində, bu cür təlatümlərin hər biri iqtisadiyyatların test edilməsində böyük əhəmiyyət kəsb edir. 2015-2016-cı illərdə iqtisadiyyatımızda baş verən böhranlı vəziyyətin yaratdığı ən böyük dəyişikliklərdən biri ölkəmizdə iqtisadi islahatların gücləndirilməsi oldu. Bunun sayəsində iqtisadiyyatda özəl sektorun payı artdı, dövlət büdcəsinin gəlirlərində neftdən kənar sahələrin xüsusi çəkisi yüksəldi. Bu müsbət dəyişikliklər əhalinin sosial müdafiəsi istiqamətində daha radikal tədbirlər həyata keçirtməyə imkan verdi. 2020-ci ildə Azərbaycan iqtisadiyyatı yenidən sınaq qarşısındadır. Bu dəfə iqtisadiyyatları koronavirus pandemiyası sınağa çəkir. Pandemiya ilə əlaqədar baş verən çətinliklər, onlara qarşı iqtisadiyyatın müqavimət imkanları göstərdi ki, həyata keçirilən islahatlar səmərəlidir və bu islahatların postpandemiya dövründə dərinləşdirilməsi vacibdir.

Məhz bununla əlaqədar olaraq Nazirlər Kabinetinin Tədbirlər Planında iqtisadi artımı və sahibkarlığı dəstəkləmək məqsədilə vacib tədbirlərdən biri kimi real iqtisadiyyatın dəstəklənməsi, özəl sektorun imkanlarının artırılması öz əksini tapıb.

Tədbirlər Planında postpandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalinmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı ayrıca bölmə var. Bu bölmədə qeyd olunur ki, daxili tələbin genişləndirilməsi vasitəsilə iqtisadi artımın sürətinin və məşğulluğun qorunması, yeni iş yerlərinin açılması məqsədilə bəzi fəaliyyət sahələrində ortamüddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetləri müəyyən olunub. Həmin istiqamətlər üzrə inkişafın təmin edilməsi üçün dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunması təşviq ediləcək.

Prioritet hesab olunan sahələr tikinti sektoru, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, daxili turizm olacaq. Bu sahələrin inkişaf etdirilməsi üçün indiyə qədər ciddi dəstək verilib. Amma postpandemiya dövründə yeni şərtlər nəzərə alınaraq dəstək tədbirləri daha da artırılacaq.

Postpandemiya dövründə dövlət əmlakının idarə olunması sisteminin təkmilləşdirilməsi, o cümlədən dövlət şirkətlərinə münasibətdə dövlətin maraqlı tərəf (investor) qismində çıxış etməsi məqsədilə bəzi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanacaq.

Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Dövlət İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində idarəetmə təkmilləşdiriləcək, korporativ standartların tətbiqi və maliyyə şəffaflığı təmin olunacaq. Postpandemiya dövründə dövlət mülkiyyətli müəssisələr üzrə özəlləşdirmə proqramı hazırlanacaq.

Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyasının yaradılması və korporasiya tərəfindən aşağıdakı fəaliyyətin həyata keçirilməsinə dair təkliflər hazırlanacaq. Bütün bunlarla bərabər özəl-dövlət tərəfdaşlığının genişlənməsinə əlverişli zəmin yaratmaq üçün müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi də planlaşdırılır.

Qeyd edək ki, bütün tədbirlərin hamısının icrasına 2020-ci ildə başlanılması nəzərdə tutulub.

Vasif CƏFƏROV