Azərbaycan növbəti sınaqdan da uğurla çıxır

16 Aprel 2020 08:50 (UTC+04:00)

Hazırda bütün dünya, o cümlədən Azərbaycan pandemiya şəraitində çətin sınaqlardan keçsə də, həyat gələcəyə doğru davam edir. Düzdür, vəziyyət ağır və gərgindir. Lakin bu hal yalnız tənbəllər və çalışmaq istəməyənlər üçün dəhşət saçır. Həyatın nəbzini tutub xalqın və dövlətin yolunda fəaliyyət göstərən qüvvələr və hakimiyyətlər üçün bu dövr əslində sınaqla bərabər, həm də zəngin təcrübə, yeni vərdişlər dövrüdür.

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirənin videokonfrans şəklində keçirilməsi fövqəladə vəziyyətə görə yeni texnologiyalarla mənimsənilmiş yeni iş metoduna parlaq misaldır. Öz inkişafı yolunda texniki tərəqqinin nailiyyətlərindən daim səmərəli və məhsuldar istifadə edən hökumətin bu yeni addımı indiyədək görülmüş işlərin davamıdır və cəmiyyətdə pandemiya bəlalarının aradan qaldırılmasına böyük inam ifadə edir. Müşavirə göstərdi ki, Azərbaycan ön cərgədə addımlayan ölkələrlə çiyin-çiyinədir.

Pandemiya ölkəmizə islahatların qızğın çağında “hücum” edib. Sadə məntiqə görə, qlobal bəla hökumətin işində ciddi fəsadlar törətməli idi. Lakin məhz islahatlar prosesi sayəsində hökumət bu fəlakətin qarşısında aciz qalmadı, əksinə ümumdünya virusuna qarşı hücuma bərabər faydalı müdafiə qurdu və cəmiyyəti ümumi mübarizəyə səfərbər etdi. Faktlardan göründüyü kimi, görülən tədbirlər müsbət nəticəsini göstərir.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün yekunu barədə deyib: “İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər”.

Məsələ burasındadır ki, sınaq dövrünün ən gərgin problemi iqtisadiyyatda baş verən dəyişikliklərdir. Çünki pandemiya səbəbincə əhalinin məşğulluğunun zorən itirilməsi qaçılmazdır. Eyni zamanda dünya iqtisadi böhranının başlanması da bir tərəfdən çətinliklər yaradır. İlk baxışda sanki dünya xaos içərisində qalıb. Lakin aydın proqramı və özünəinamı olan dövlətlərdə prosesin cilovunu ələ almaq mümkün olub. Fərəhləndirici haldır ki, Azərbaycan bütün sınaqlar zamanında olduğu kimi bu dəfə də ən güclülər sırasında qərarlaşıb. Dövlət başçısının çıxışından sitat: “O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir.

Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”.

İqtisadi böhranı dərinləşdirən əsas iki amil var: birincisi, pandemiya ilə əlaqədar xərclərin külli miqdarda artması, ikincisi, neft qiymətlərinin 2-2,5 dəfə azalması fonunda valyuta gəlirlərinin aşağı düşməsidir. Ölkələri borca salan da budur. Düzdür, hansısa ölkə nefti daha ucuz almağa görə, ehtiyatlarını müəyyən qədər saxlaya bilər, lakin virusla mübarizə buna imkan vermir. O ölkələr çətinliyə sinə gərə bilir ki, onların tarixin sınaqlarından vaxtında nəticə çıxarır və iqtisadi şaxələndirmə prinsipi ilə müxtəlif iqtisadi sahələrini dayanıqlığını qoruyub saxlayır. Azərbaycanın uğurunu təmin edən başlıca amil, məhz, 2008-2009-cu illərin iqtisadi böhranından sonra qeyri-neft sektorunun geniş miqyasda inkişafına diqqət yetirməsi və bölgələrdə önönövi istehsal sahəklərini dövlət tərəfindən stimullaşdırmasıdır. Bunun nəticəsində, ölkəmizdə həm ÜMD-ni, həm də xarici borcları dəfələrlə üstələyən ciddi kapital yığımı yaranıb. Əgər iqtisadiyyatın bir sahəsi hansısa təbii amildən axsayanda, digər sahələr onu əvəzləyə bilir.

İndilikdə isə zəngin ehtiyatlarımızın bir hissəsi hökumətin qərarı ilə pandemiyadan qorunmaq üçün əhalinin sosial müdafiəzinə və eyni zamanda sahibkarlığın ziyandan çıxmasına yönəldilib. Buna görə Azərbaycanın nə kreditə, nə də başqa yardıma ehtiyacı var. Əksinə, humanizm prinsiplərinə görə dövlətimiz ehtiyacı olan digər dövlətlərə təmənnasız yardımlar edir.

İndi dünya düzənində yeni mərhələnin astanasındayıq. Hesab etmək olar ki, bu mərhələ əslində Azərbaycanda son bir neçə ildə sürətlənən ishatlarla başlanıb və ölkəmiz dəyişiklikləri qısa zaman kəsiyində qarşılayacaq. Çünki Azərbaycanın çevik və mütərəqqi, eyni zamanda gənclik enerjili idarəetmə strukturu bunu etməyə qabildir.

N.NOVRUZ