Dövlət büdcəsinə yeni gəlir mənbələri hesabına daha çox pul gələcək

16 Aprel 2020 11:55 (UTC+04:00)

2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin əlavə mənbələr hesabına artırılması nəzərdə tutulur. Bununla bağlı Prezident İlham Əliyev hökumətə tapşırıq verib. Aprelin 14-də İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Həmin müşavirədə Prezident dövlət büdcəsinin gəlirlərinin artırılması məsələsinə toxunub. İlham Əliyev hökumətə tapşırıq verib ki, yeni gəlir mənbələri aşkar edilsin. Dövlət başçısı bildirib ki, əlavə gəlirin təmin edilməsi üçün imkanlar var: “Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır”.

Bəs, hansı ehtiyatları bura cəlb etməklə büdcə gəlirlərini artırmaq olar?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev qeyd etdi ki, dövlət büdcəsinin gəlir mənbələri bəllidir. Bunlar vergilər, rüsumlar və Dövlət Neft Fondundan transfertlərdir. İqtisadçı-ekspert düşünür ki, dövlət başçısı əlavə mənbə dedikdə, mövcud mənbələrdən kənar mənbələri nəzərdə tutur. Onun fikrincə, dövlətin payçı kimi iqtisadi fəaliyyətdə işirakı gücləndirilə bilər: “Nazirlər Kabineti pandemiya ilə əlaqədar iqtisadi artım və əhalinin sosial müdafiəsini qorumaq məqsədilə Tədbirlər Planını təsdiq edib. Orada postpandemiya dövründə iqtisadi artıma dəstək üçün dövlətin müxtəlif investisiya layihələrinə qatılaraq payçı kimi gəlir əldə etməsi planlaşdırılır. Bu məqsədlə Azərbaycan İnvestisiya Holdinqi və Tikinti Korporasiyası yaradılıb. Bunlar əlavə mənbə kimi çıxış edə bilər. Bu şirkətlər vasitəsilə effektiv sahələr araşdırılmalıdır ki, əlavə gəlir imkanları təmin edilsin. Dövlət neftdən əldə etdiyi gəlirlər hesabına müxtəlif investisiya layihələrində iştrak edib bu yolla payçı kimi gəlir əldə edə bilər”.

R.Atakişiyev dedi ki, indiki vəziyyətdə vergi və rüsumların artırılması səmərəli olmaz. Onun fikrincə, nə daxili əməliyyatlarda, nə də xarici əməliyyatlarda vergi və rüsumlar artırılmamalıdır: “İdxal əməliyyatlarında da vergi və rüsumların artırılması xarici iqtisadi tərəfdaşlar tərəfindən yaxşı qəbul edilməz. İndiki çətin vəziyyətdə Azərbaycana ixrac həyata keçirən ölkələr də bu məsələlərə həssaslıqla yanaşırlar. Əgər biz vergi və rüsumları artırsaq, sonradan ixrac etdiyimiz məhsullara da qarşı oxşar tədbirlərlə qarşılaşa bilərik. Həm də nəzərə alaq ki, idxal prosesi dövlət büdcəsinin gəlirlərinin formalaşmasında önəmli rol oynayır. 2020-ci ilin birinci rübündə idxal əməliyyatlarından topanan vergi və rüsumların həcmi 1 milyard manata yaxın olub. Vergi və rüsumlar artırılarsa, idxalın həcmi azalar və nəticədə büdcənin gömrük əməliyyatlarından gəliri azala bilər”.

Ekspert hesab edir ki, vergi və rüsumları artırmaqdansa, iqtisadi münasibətlərin şəffaflaşdırılmasına daha çox diqqət ayrılmalıdır. Eyni zamanda investisiya qoyuluşunun həcminin artırılması məqsədilə rəqabət mühüti sağlamlaşdırılmalı, daxili investisiyaların qorunması ilə bağlı təminat gücləndirilməlidir.

R.Atakişiyev söylədi ki, hələ də gizli iqtisadiyyatın həcmi böyükdür, buradan dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsi imkanları var. O qeyd etdi ki, gizli iqtisadiyyatın şəffaflaşdırılması üçün tədbirlər artırılmalıdır. Onun sözlərinə görə, 2020-ci ildə də bu yolla dövlət büdcəsinin gəlir imkanlarını artırmaq olar. 

Əlavə edək ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon manat və ya 12,2 faiz çox vergi və rüsumlar yığılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən 91 milyon manat və ya 10,1 faiz çox gömrük rüsumları və idxal vergisi təmin edilib.

Ümumilikdə, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür.

Vasif CƏFƏROV