İşlədiyi müəyyən olunan 20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi

16 Aprel 2020 12:56 (UTC+04:00)

İşsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığl müəyyən edildi. Onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.

Xatırladaq ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub. Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər etmələrinin şahidi oluruq.

Müvafiq elektron informasiya sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyekitiv qərar verilir.

Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.

Müraciətlərin emalı davam edir.