Britaniyada 30-a yaxın tibb işçisi koronavirusdan ölüb

16 Aprel 2020 15:00 (UTC+04:00)

Böyük Britaniyada Milli Səhiyyə Xidmətinin (MSX) 27 əməkdaşı koronavirusun qurbanı olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın səhiyyə naziri Mett Henkok məlumat verib.

O, həkimlərin vəfatının hədsiz dərəcədə ürək sızlatdığını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada pandemiya qurbanlarının sayı 13 000-ə çatır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 094 000-i ötüb. Bunların 520 930 nəfəri sağalıb, 135 562 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.