LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

17 Aprel 2020 08:53 (UTC+04:00)

Azərbaycanın davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rolu oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması son illər hökumət üçün prioritet məsələlərdən birinə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm sahəsinin davamlı inkişafını təmin edir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə qış-yay turizminin inkişafı məqsədi ilə 2009-cu ildə Qusar rayonundan 30 kilometr Şimalda, dəniz səviyyəsindən 2500 metr hündürlükdə «Şahdağ» Qış-Yay Turizm Kompeksinin tikintisi reallaşdırılıb. Qusarla yanaşı, Azərbaycanın əsas turizm marşrutlarından sayılan Qəbələdə də qış turizminin inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilib. Rayonun turizm potensialının möhkəmləndirilməsi məqsədilə «Tufandağ»  yay-qış istirahət kompleksinin inşası reallaşdırılıb. Kompleks turistlər üçün ilin bütün fəsillərində ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradır. 
Azərbaycanın turizm potensialının təbliği məqsədilə “Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi təmin edilib. Bununla yanaşı, telekanlaın “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunub, habelə “Euronews.com” saytında müvafiq elektron banner kampaniyaları təşkil edilib. Eyni zamanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı “Focus” proqramının xüsusi buraxılışı yayımlanıb.
Ümumilikdə, Azərbaycanın Mədəniyyət Nazirliyinin Asiya, Afrika və Amerika qitələri də daxil olmaqla, dünyanın 200-dək ölkəsində 1 milyard nəfərədək auditoriyaya malik olan “Euronews” və “CNN” kanalları ilə əməkdaşlığının əsas məqsədi təkcə kanalların auditoriyasını Azərbaycana turist qismində cəlb etmək deyil. Bunda məqsəd həm də xarici vətəndaşların ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları ilə tanış etməkdir. 
Onu da bildirək ki, ölkəmizdə turizmin inkişafının sürətləndirilməsi məqsədilə ölkə başçısı bu ilin may ayında «Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı, onun idarə olunmasını təmin etməli, habelə onun əsasnamə layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Ölkə başçısının 1 sentyabr 2016-cı il tarixli «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında», «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında», habelə «Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında» sərəncamları da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sonuncu sərəncamla hər il sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” kimi qeyd edilir. 
«Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında» sərəncam  Azərbaycanda turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 800,0 (səkkiz yüz) min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400,0 (dörd yüz) min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400,0 (dörd yüz) min manat ayrılmışdı. 
«Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» sərəncam isə özünün əhatə dairəsinə, qarşıya qoyduğu məqsədlərə görə əlahiddə əhəmiyyə malikdir. Sərəncamın preamblua hissəsində göstərildiyi kimi, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub: «Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə müəyyən edilib, beynəlxalq və yerli ekspertlərlə birlikdə dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanmışdır».
Sərəncamda həmçinin vurğulanır ki, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.
Belə bir sərəncamın imzalanması “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrasına, habelə Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması və bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədinə xidmət edir. 
Sərəncamla Azərbaycan Respublikasının Turizm Şurasının yaradılması təmin edilib ki, bunda məqsəd ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuraya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, habelə işçi qruplar yaratmaq səlahiyyəti verilib. 
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə əsasında turizm sahəsində dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; ölkənin turizm potensialından istifadə imkanlarının artırılması; regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növlərinin müvafiq turizm marşrutları yaradılmaqla təşviq edilməsi; turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri olan ixtisaslaşmış turizm və əyləncə sektorunun inkişafı ilə bağlı strategiya layihəsinin icra mexanizmlərinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 
Sərəncamda ölkədə turizmin inkişafına xidmət edən digər mühüm tədbirlərin də reallaşdırılması nəzərdə tutulub. İqtisadçı ekspertlər hesab edirlər ki, sərəncamda nəzərdə tutulmuş tədbirlərin icrası ölkənin ən qısa zamanda turizm potensialının möhkəmlənməsini təmin edəcək, Azərbaycanın bu sahə üzrə gəlirlərinin artımına imkan yaradacaq. 

S.ELMANOĞLU