Marginal qüvvələr xəyanət yolundan əl çəkmir

17 Aprel 2020 12:25 (UTC+04:00)
Adətən xalqının çətin dönəmində siyasi mövqeyindən, hansı ideyaya qulluq etməsindən asılı olmayaraq bütün siyasi qüvvələrin çəkici bir yerə vuraraq,​ yaranmış hər hansı problemi aradan qaldırlmaq uğrunda birgə çalışması vacibdir. Azərbaycanda da koronavirusun yaratdığı mövcud çətinlik fonunda iqtidar başda olmaqla əksər siyasi qüvvələr diqqəti məhz pandemiyanın aradan qaıdırılmasına yönəldiblər. Lakin hələ də radikalların timsalında elə qüvvələr var ki, onlar indiki həssas məqamda belə öz xəyanətkar mövqeyindən əl çəkmirlər. Radikal müxalifət yenə də dövlətə qarşı xəyanətkar mövqe sərgiləməkdə davam edir.​ Onların pandemiya ilə mübarizəyə dəstək verməməsi bir yana, çalışırlar ki, belə həssas bir dövrdə ölkədə xaos, qarmaqarışıqlıq yaransın. Bu müstəvidə də onlar virusla mübarizədə görülən işlərə kölgə salır, hakimiyyəti guya bacarıqsız olmaqda günahlandırırlar. Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifət Azərbaycanın gələcəyini, uğurlu inkişafını deyil, öz şəxsi maraqlarını düşündüyündən hər zaman olduğu kimi, indiki həssas məqamda da xəyanətkar mövqelərindən əl çəkmirlər: "Hesab edirəm ki, xəyanatkar, riyakar olmağı heç də bütün müxalifət düşərgəsinə aid etməməliyik. Bu gün Azərbaycanda normal, sivil metodlarla mübarizə aparan müxalifət də var. Hansı ki, onların bir hissəsi bu gün Milli Məclisdə təmsil olunub. Hətta Azərbaycan tarixində ilk dəfə olaraq parmanetdə təmsil olunan müxalifət nümayəndələri Milli Məclis rəhbərliyində, komitələrdə rəhbər strukturlarda təmsil olunub. Bu da ölkəmizdə iqtidar müxalifət münasibətlərinin normal axarda olduğundan xəbər verir. Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin normallaşması ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edən bir amildir. Ona görə də hər zaman ölkə Prezidentinin siyasətində bu məsələ prioritet olub. Bu gün də həmin siyasət davam etdirilir və ölkədə normal siyasi münasibətlər qurulub. Amma müxalifət düşərgəsindəki radikal qanad bütün məsələlərəd təəssüf ki, pozucu mövqe sərgiləyir. Onlar eyni zamanda, iqtidar-müxalifət münasibətlərinin normallaşdırılmasında da anormal mövqe tutur. Müxtəlif bəhanələrlə aparılan danışıqlar, dialoqdan imtina edir, qaçırlar. Bu isə bir daha göstərir ki, onlar səhv və yanlış yoldadırlar. Radikallar doğrudan da Azərbaycanı, onun gələcəyini düşünürsə, tutduqları riyakar mövqedən əl çəkməlidirlər". Partiya sədri bildirdi ki, radikalların bütün fəaliyyəti Azərbaycanda görülən möhtəşəm işlərə, islahatlara kölgə salmaq, qara yaxmaqdan ibarətdir: "Bu isə əslində, siyasi fəaliyyət deyil. Sadəcə, xaricdə kimlərinsə xoşuna gəlmək üçün ağa qara deyir, Azərbaycandakı gerçəklikləri başqa fonda təqdim etməyə çalışırlar. Bunun nəticəsidir ki, Azərbaycan cəmiyyəti bu cür siyasətbazları təcrid edib. Onlardan ümumiyyətlə imtina ediblər. Onlar isə ayaqda qalmaq üçün YouTube, Facebook kimi sosial şəbəkələrədn istifadə etməyə çalışırlar. Belədə xaricdən yayımladıqları telekanallar vasitəsilə gerçəkliyi təhrif edir, ölkə daxilində panika, ruh düşkünlüyü yaratmaq istəyirlər. Özü də indiki ağır durumda, dövlətimizin koronavirisla ardıcıl və prinsipial şəkildə mübarizə apardığı, xalqımızın da bu mübarizəyə dəstək verdiyi belə bir dönəmdə də radikal müxalifət öz riyakar əməllərindən əl çəkmir. Gerçəkliyi təhrif edərək, ölkədə​ kütləvi psixoz yaratmaq istəyirlər. Halbuki indiki durumda özünü ölkənin vətəndaşı, vətənpərvəri adlandıra biləcək insanlar belə çirkin addımlar atmamalıdır. Amma təəssüf ki, radikal müxalifət buna gedir". M. Səfərli qeyd etdi ki, radikalların bu riyakarlıqda məqsədi virusla mübarizə fonunda yaşanan həssas bir dövrdə Azərbaycanda vəziyyətin daha da pisləşməsinə nail olmaqdan, bunun üçün də ölkədə xaos yaratmaqdan ibarətdir: "Bununla da həmin şəbəkənin tərkib hissəsi olmaqla xaricdəki anti-Azərbaycan şəbəkəsinin dəyirmanına su tökürlər. Ona görə də doğru olaraq Azərbaycan cəmiyyəti onları qəbul etmir. Bunu keçirilən bütün seçkilər də göstərir. Bu səbəbdən həmin siyasətbazlar son seçkilərə də qatılmadılar". R. SOLTANOV