Alimlərin yeni araşdırması: “Koronavirus daha 4 orqana ziyan vurur”

17 Aprel 2020 15:00 (UTC+04:00)

Çinin Uhan şəhərində meydana gələn və qısa müddət ərzində dünyaya təsir edən yeni bir növ koronavirus epidemiyası (Kovid-19) səbəbiylə həyatını itirənlərin sayı 140 mini, ümumi yoluxanların  sayı isə  2 milyon 160 mini keçib. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, koronavirus epidemiyasına qarşı dərman və vaksinlərin axtarışı davam edərkən, elm adamları virusla bağlı yeni bir araşdırma aparıblar. 

Çin və Nyu Yorkdakı mütəxəssislər tərəfindən edilən araşdırmalar nəticəsində virusun ürək, böyrək, qaraciyər və bağırsaqlara da ciddi ziyan vurduğu ortaya çıxıb. Əvvəllər koronanın ağciyərlərə ziyan vurmaqla yanaşı beyin və sinir sisteminə də ciddi ziyan vurduğu məlum olub.

Elm adamları, həmçinin koronavirus xəstələrinin ürək əzələlərinin iltihablanmasına və qəfil ürək tutulmasına səbəb ola biləcək ritm pozğunluqlarına rast gəldiklərini söyləsələr, digər tərəfdən mütəxəssislər, koronavirusa yoluxan insanların  ruhi sağlamlıq böhranı ilə üzləşəcəklərini xəbərdar ediblər.