Pandemiya qızıla marağı artırır

18 Aprel 2020 10:35 (UTC+04:00)

Koronavirus pandemiyası dünya iqtisadiyyatını  çökdürür. Əksər istehsal sahələri ya tamamilə, ya da qismən dayanıb. Nəticədə neftin qiyməti də düşməkdə davam edir. Ancaq maraqlıdır ki, pandemiya təhdidi fonunda qızıla maraq artıb. Belə ki, hazırda bir unsiya qızılın qiyməti 1709 dolları keçib. Belə bir çətin dövrdə qızıla marağın artmasına səbəb nədir? Azərbaycan bu fonda hansı addım atmalıdır?
Maliyyə və bank eksperti Əkrəm Həsənov bildirdi ki, böhranlı, təhlükəli dövrlərdə qızıl ən təhlükəsiz aktiv olduğundan hazırda ona tələb də artıb: “Koronavirusun can aldığı bir zamanda qızıla tələbat ona görə artır ki, əsl dəyəri olan əmlak məhz qızıldır. Daşınmaz əmlak da burada mühüm rol oynayır. Ancaq daşınmaz əmlakı özümüzlə apara bilmirik. Pul xarakterli aktivlər içərisində isə qızıl ən dəyərlisidir.           Onun qiyməti var.  Kağız pulun özünün isə dəyəri yoxdur. Ondan istənilən qədər çap etmək olar və bu zaman pul qiymətdən düşəcək. 
Adətən dövlətlər öz ehtiyatlarını ABŞ dollarında və qızılda saxlayır.  Amma başa düşürlər ki, pandemiya dövründə ABŞ və Avropa dövriyyəyə həddən çox pul buraxmaq qərarına gəliblər. ABŞ 6 trilyon dollar buraxıb. Belədə, sadəcə demək olar ki, sahibkarlarla insanlara pul bağışlayıb. Bu da o deməkdir ki, dolların  dəyərdən düşmə təhlükəsi var.  Buna rəğmən qızılın öz daxili qiyməti isə dəyişmir. Hazırda qızılın qiyməti qalxır. Əslində isə  indi dolların dünyada qiymətinin düşməsi baş verir.  Ona görə də qızıl bahadır. Ən təhlükəsiz aktivdir, ona görə də hər zaman qiymətlidir. Azərbaycan dövləti də hazırda qızıla əhəmiyyət verməlidir. Dövlət Neft Fondu, Mərkəzi Bank öz valyuta ehtiyatlarını daha çox qızılda saxlamalıdır, nəinki avro və dollarda. Üstəlik Neft Fondu xaricdə daşınmaz əmlak alır”.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, qızıl ən güvənli vasitə olduğundan böhranlı dövrlərdə ona tələb çoxalır: “Qızıl ağır durumlarda adətən güvənli liman rolunu oynayır. Dünya ölkələri hazırda iqtisadiyyatı dəstəkləmək üçün müxtəlif fondlara kifayət qədər vəsait ayırır.  Belədə trilyonlarla dollar vəsait dünya iqtisadiyyatına daxil olur.  İnvestisiya fondları da bundan pay götürür. Amma indiki böhranlı dövrdə qiymətli kağızlara investisiya yatırmaq risklidir. Çünki səhm bazarında da kəskin dalğalanmalar var.  Ona görə də  vəsaitlərin qorunması üçün investorların ən cazibəli istiqaməti qızıl almaqdır. Yəni böhranlı dövrlərdə qızıla tələbat həmişə yüksəlir, ona güvən artır.  Bu səbəbdən son zamanlar qızılın unsiyası 1700 dolları belə keçib. Bu da böyük artımdır. Keçən ilin sonlarında qızılın bir unsiyası heç 1400 dollara çatmırdı.  Deməli, qızılın qiymətində kəskin artım baş verib”.
Həmsöhbətimizə görə, Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək qızıl emalını da ölkə daxilində təşkil etməlidir: “Azərbaycana gəldikdə, Dövlət Neft Fondu doğru istiqamət götürüb. Son zamanlar qızıla olan investisiyalarını artırıb. Artıq  30 tona yaxın qızıl investisiya portfeli var.  Həmçinin Azərbaycan daxilində də qızıl istehsalı artır.  Belədə, qızılın qiyməti və istehsalının artması templərini nəzərə alsaq, Azərbaycan bundan müəyyən qədər xeyir götürə bilər. Ölkəmiz emalla bağlı yaranan problemlə əlaqədar istehsal edilən qızıl külçələrinin Azərbaycanda qalmasına qərar verməlidir. Həmin istehsal edilən qızıl külçələri xammal kimi əsasən İsveçrəyə götürülür. Orada emal edildikdən sonra Azərbaycana qaytarılır. İndiki dövrdə isə qızıl emalı da Azərbaycanda təşkil edilməlidir. Bu doğru qərar olmaqla yanaşı, yeni iş yerləri yaradardı.    Ölkəmiz emal üçün əlavə xərclərdən azad olardı. Bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var”.
Rüfət NADİROĞLU