11 İyul 2013 15:19 (UTC+04:00)

 Azərbaycan hidrometeoroloqları qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.Temperatur düşəcək, leysan yağacaq.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu iyulun 11-dən 13-dək qeyri-sabit hava şəraitinin hökm sürəcəyinə dair xəbərdarlıq edib.

 Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəsmi saytından aldiği məlumata görə iyulun 11-i axşamdan 13-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Belə ki, Bakıda və Abşeron yarımadasında iyulun 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 19-23, gündüz 29-34 dərəcə isti olacaq. İyulun 13-də də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, arabir isə 15 m/s-yə çatacaq.

 

Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəldikdə isə iyulun 11-də hava yağmursuz olacaq. Lakin axşam və gecə  Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 12-13-də də hava əsasən yağmursuz. Lakin iyulun 12-də gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 isti, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.