Kürdəmir Ziyalılar Cəmiyyətinin sədri ölkə başçısına təşəkkür edib

19 Aprel 2020 12:17 (UTC+04:00)

Yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır.

Mövqe.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Sabir Novruzovun məktubunda qeyd edilir:

"Möhtərəm cənab Prezident.

Bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib.

Möhtərəm cənab Prezident, hər bir vətəndaşınızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, yetişməkdə olan gənc nəsil yekdilliklə bu fikirdədirlər ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın vətənpərvər, mərhəmətli, qətiyyətli və müdrik rəhbərisiniz. Qəbul etdiyiniz hər bir humanist qərarda xalqı düşünürsünüz, daim xalqımızın yanındasınız və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü göstərir. İnanırıq ki, bu çətin günlərimiz geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq".