Xaçmaz sakini qaynını güllələdi

19 Aprel 2020 16:33 (UTC+04:00)

Xaçmazda güllələnmə hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Ağtala kəndində qeydə alınıb.

İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini Fazil Quliyev həyat yoldaşı ilə mübahisə edib.

Onların səs-küyünü eşidən F.Quliyevin qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev ərlə arvadı sakitləşdirmək istəyib.

Bundan daha da əsəbləşən F.Quliyev ov tüfəngindən atəş açaraq M.Allahverdiyevə xəsarət yetirib.

M.Allahverdiyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırın deşilmiş, cırılmış yarası diaqnozu qoyulub.

Fazil Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.