İlahiyyat İnstitutunun online iclasları davam etdirilir

20 Aprel 2020 12:15 (UTC+04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kafedraları məsafədən təhsillə əlaqədar Microsoft Teams proqramı üzərindən iclaslarını davam etdirirlər. İnstitutdan Mövqe.az-a verilən məlumata görə videoiclaslarda tədris əsnasında ortaya çıxan çətinliklər, tələbələrin dərslərdə iştirakı, mövcud elektron vəsaitin istifadəsi və gündəlikdə duran digər məsələlərin müzakirəsi aparılır. Müəllimlər online tədrisin keyfiyyətinin artırılması istiqamətində öz təcrübələrini bölüşür, tədrisin səmərəliliyinə təsir edən müxtəlif amilləri qeyd edir, mövcud vəziyyətdə tələbələrin tədris prosesində maksimum fəallığının təmin edilməsi üçün müxtəlif təkliflər səsləndirirlər. İclaslarda eyni zamanda, elmi tədqiqat işlərinin vəziyyəti, dərslik və dərs vəsaitlərinin hazırlanma prosesinin müzakirəsi aparılır. Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün məsafədən tədrisin təşkili həyata keçirilir. İnstitutda distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır.