Azərbaycanda 12 min şagird onlayn dərslərə qoşulub

20 Aprel 2020 16:35 (UTC+04:00)

Azərbaycanda 12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, aprelin 1-dən start verilən onlayn dərslərdə bu günədək Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 15 uşaq-gənclər idman-şahmat məktəbi tərəfindən 23 idman növü üzrə 8 minə yaxın məktəbli, 796 məşqçi-müəllim, həmçinin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən isə 103 müxtəlif dərnək üzrə 4 minə yaxın şagird, 294 nəfər pedaqoji heyət iştirak edib.

Ümumilikdə, 12 minə yaxın şagird və 1090 nəfər pedaqoji heyətin qoşulduğu fəaliyyətin təşkilində əsas məqsəd ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsidir.

Fəaliyyət çərçivəsində məşqçi-müəllim və dərnək rəhbərləri uşaqların fiziki sağlamlıqlarının təmin edilməsi üçün məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün isə müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar.

Məlumat üçün qeyd edək ki, onlayn dərslərlə yanaşı, Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər həftənin şənbə günü “Mədəniyyət” kanalında məktəbdənkənar fəaliyyətlə bağlı “Dərsdən sonra” proqramının yayımı nəzərdə tutulur.