Karantin dövründə də əhalinin sosial müdafiəsi gücləndirilir

21 Aprel 2020 10:47 (UTC+04:00)

Koronavirus pandemiyasının yaratdığı yeni şərait əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsini tələb edir. Virus epidemiyasının təsirini minimuma endirmək məqsədilə Azərbaycan dövləti ölkədə xüsusi karantin rejimini tətbiq edib. Bu rejim çoxlu sayda iş yerinin bağlanmasına, iqtisadi və sosial fəaliyyətin məhdudlaşdırılmasına səbəb olub. Əslində, karantin rejiminin tətbiqi də əhalinin sosial müdafiəsi istiqamətində atılan mühüm addımdır. Dövlət bununla əhalinin sağlamlığına önəm verdiyini, insanların sağlam yaşamasına önəm verdiyini göstərdi.

Daha az insanın bu xəstəliyə yoluxması üçün karantin rejiminin tətbiqi vacibdir. Amma bu halda ölkədə iqtisadi aktivlik zəifləyir, çoxlu sayda insan işsiz qalır. Belə dövrdə həmin insanların sosial müdafiəsini təmin etmək üçün dövlət işsizlərə, ünvanlıq yardım alanlara dəstəyini artırıb.

Karantinin tətbiq edildiyi dövrə qədər əmək qabiliyyətli insanların 250 min nəfəri işsiz idi və onların az hissəsi dövlətdən müavinət alırdı. Amma karantin dövründə 250 min işsizin 200 mininə birdəfəlik yardım (190 manat) verildi, 50 min işsiz isə tədricən müvəqqəti iş yerləri ilə təmin edilməyə başlanıldı. Karantinlə əlaqədar əlavə işsizlər yarandığına görə dövlət başçısının tapşırığı ilə birdəfəlik yardım alacaq şəxslərin sayı 600 minə çatdırılacaq. İşsizlər 2 ay birdəfəlik yardım alacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən indiyə qədər 235 min nəfəri üçün birdəfəlik vəsaiti aidiyyəti üzrə köçürüb.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. İşsiz kimi qeydiyyata alınan şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir.

İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır.

Bu məqsədlə Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 1 aprel 2020-ci il tarixində Qərar qəbul edib.

Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır.

Belə ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardımı ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq. Ailənin təkrar olaraq yardım üçün müraciət etməsinə ehtiyac qalmadan, eyni məbləğdə həmin yardımın xüsusi karantin rejimi dövründə də ödənişi davam edəcək.

Hazırda 70 minədək ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur və orta hesabla hər ailəyə aylıq 216 manat sosial yardım verilir.

Mart ayı ərzində 3516 ailəyə sosial yardımın verilmə müddəti başa çatsa da, yardımın ödənişi davam etdiriləcək.

Bununla bərabər ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin olunur. Nəticədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı aprel ayında 14 faiz və ya 9500 ailə artaraq 79500-ə, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 333 minə çatıb.

Hər ailəyə düşən yardımın orta aylıq məbləği 222 manatı ötüb.

Məşğulluğa və sosial rifaha dəstək istiqamətlərindən biri də özünüməşğulluq proqramının genişləndirilməsidir. Bu il 12 minə yaxın ailənin bu proqrama cəlb edilməsi nəzərdə tutulur.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə həm dövlət vəsaitlərindən, həm də Dünya Bankının və özəl bankların vəsaitlərindən istifadə olunacaq. O, işsizlikdən sığorta ödənişinin təyinatı mexanizminin də sadələşdiriləcəyini deyib. Bildirib ki, nəticədə bu mexanizmin cari ildə 20 min insanı əhatə etməsi, bununla daha çox vətəndaşımıza işaxtarma dövründə dəstək göstərilməsi nəzərdə tutulur.

S.Babayev diqqətə çatdırıb ki, aprelin 1-dən 14 aprel tarixinədək ünvanlı sosial yarıdımı alanların sayı 9 min ailə və ya 35 min insan artıb. Ümumilikdə hazırda 79 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur.

Sadalananlardan başqa ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılacaq.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə hazırda ödənişli işlərdə çalışan 37 min işçidən əlavə, daha 10 min şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir. Yeni ödənişli ictimai iş yerlərinin yaradılması pandemiya ilə əlaqədar ölkədə əhalinin məşğulluq imkanlarının artırılmasına xidmət edir və proses gündəlik olaraq davam edəcək.

Vasif CƏFƏROV