AMEA: Bəzi dərslərin distant yolla keçirilməsi əlverişli deyil

21 Aprel 2020 17:23 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında distant tədrisin yüksək səviyyədə təşkil olunmasına baxmayaraq, bir sıra dərslərin distant yolla keçirilməsi o qədər də əlverişli deyil. Belə ki, tədris planlarında nəzərdə tutulan laboratoriya dərslərinin həyata keçirilməsi üçün müvafiq laboratoriya şəraitinin olması vacibdir. Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov bildirib. O qeyd edib ki, AMEA-nın magistraturası elm tutumlu magistraturadır, bu baxımdan laboratoriya dərslərinin yüksək səviyyədə tədrisi magistrantlar üçün xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, laboratoriya dərslərinin tədris ilinin sonunda keçirilməsi planlaşdırılır. F.Kazımov qeyd edib ki, hazırda AMEA-nın magistraturasında 188 magistrant təhsil alır. Bu da ümumilikdə 25 ixtisas üzrə 84 ixtisaslaşmanı əhatə edir. AMEA-da tədris prosesinə 217 nəfərlik professor-müəllim heyəti cəlb olunub. AMEA-da əsasən "sinxron" distant təhsilə üstünlük verilir. O əlavə edib ki, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin və müvafiq institutların təhsil şöbələrinin əməkdaşları müəyyən olunmuş qrafik üzrə keçirilən dərslərə qoşularaq prosesə nəzarət edirlər.