Gec də olsa, ermənilər nədə səhv etdiklərini anlayırlar

22 Aprel 2020 07:59 (UTC+04:00)

 

İnsan məxluqu düşüncəsi etibarı ilə hadisələri daha dəqiq qiymətləndirmək və daha düzgün nəticə çıxarmaq imkanına malikdir. Adətən, təbiətdə düşüncədən kənar baş verən hadisələr “vəhşilik” adlanır. Amma buna rəğmən şərait tələb edəndə hər bir şəxsin daxilində o qədər duyğular baş qaldırır ki...

İndi bütün ölkələr, o cümlədən Azərbaycan ərazilərini işğal edən Ermənistan da bir sınaq qarşısında imtahan verir. Koronavirus pandemiyası iqtisadi və ictimai-siyasi cəhətdən dağınıq vəziyyətdə olan bu ölkəni olduqca çıxılmaz vəziyyətə salıb. 30 il əvvəl Qarabağı işğal edəndə ermənilər xəyallar aləminin qanadlarında uçurdular. Elə bilirdilər ki, başqalarının qüvvəsi ilə qonşunun torpağını işğal etmək onları tarixdə qəhrəman xalq kimi tanıdacaq. Amma zaman sübut etdi ki, ermənilərin işğal qələbəsi özünüaldatmaqdan başqa bir şey deyil. İndi ölkə bu səhvinin bütün acılıqlarını çiynində gəzdirir və bu ağırlıq altında əzilir.

Bir neçə gün əvvəl Ermənistanın əsas rəhbər siması sayılan baş nazir Nikol Paşinyan televiziya ilə çıxış etmək istərkən çəkiliş başlanmazdan əvvəl operator tərəfindən lentə alınıb və onun öskürməsi, asqırması, suyu birbaşa butulkadan içməsi, həb qəbul etməsi özünün xəbəri olmadan çəkilib və məsləhətsiz-filansız efirə sızdırılıb. Açıq-aydın bu şərəfsizlikdir və erməni cəmiyyətinin başsız qalaraq rəzalətə sürükləndiyinin sübutudur. Xalq öz rəhbərini aşkarlıqla lağa qoyub gülürsə və bu hal Qafqaz mühitində yaşanırsa, onda o xalqın məhvi haqda rekviyem səsləndirilməsi qaçılmazdır.

K.Ambarsum adlı müəllif öz yazısında bu gerçəkliyi etiraf edir və bildirir ki, iki il əvvəl onlar Paşinyana səs verəndə elə bilirdilər ki, inqilab ediblər və ölkədə vəziyyət 180 dərəcə yaxşılığa doğru dəyişəcək. Çünki Koçaryanın və Sarkisyanın cinayətkar hakimiyyəti dövründə xalq çox zillət çəkmişdi. Amma həyat göstərdi ki, onlar aldanıblar və Paşinyanın populizmi ölkəyə başa başa gəlib: “Sonra isə məxməri inqilab baş verdi. Biz bilirdik ki, onun başında kim durur. Biz hər şeyi və hər kəsi, o cümlədən, çoxdan “beş barmağımız kimi tanıdığımız” Paşinyanı gördük. İndi məsələ heç də onda deyil ki, koronavirusa yoluxanların sayı faciəvi səviyyədədir. Dəhşətli odur ki, məxməri hakimiyyətin tunelin sonundakı işığı görə bilməmək bacarığının aşkara çıxıb. Deməli, biz səhv etmişik və hər birimizin səhvi sübut olunub. Arzuların baş tutmamasında mümkünsüzlüyü arzulayanların günahı daha çoxdur. Biz hamımız məhz mümkünsüz şeylər barədə arzu edirdik. Biz inanırdıq ki, hansısa yeni Ermənistan peyda olacaq, halbuki bunun üçün heç bir real əsaslandırılmış güman yox idi”.

Daha sonra müəllif Rusiyanın “Rosbalt” nəşrinin pandemiyaya qarşı Azərbaycanın apardığı mübarizənin nümunəvi rolundan bəhs edən məqaləsindən sitat gətirir: “Azərbaycan Respublikasında iş yerlərinin saxlanması üçün sahibkarlara yardım məqsədilə 215 milyon manat “160 milyon dollara yaxın) vəsait ayrılıb – bu pullar əmək müqaviləsi olanlara ödəniləcək. Üstəlik, biznesi birbaşa müdafiəsinə 195 milyon manat, sosial müdafiəsi zəif olanlara isə 200 milıyon vəsait ayrılıb.

Aztəminatlı ailələrin uşaqlarının təhsil haqqının dövlət tərəfindən ödənməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub. Rəsmi işsiz olanlara karantin müddəti boyunca ayda 190 manat müavinət ödəniləcək. Bundan başqa, dövlət sahibkarların götürdükləri kreditlərin əhəmiyyətli hissəsini və əhalinin elektrik enerjisindən istifadəsinə görə haqqın bir hissəni ödəməyi də öz üzərinə götürüb”.

Bütün bunların fonunda Ambarsum nəticə çıxararaq yazır ki, “Buyurun, Azərbaycan bunu digərlərindən tez edib, ona görə ki, onun buna təkbaşına, donor təşkilatları qarşısında böyük borclara düşmədən etmək imkanı var. Onun daslınca Gürcüstan, daha sonra isə Ermənistan gedir. Axı, koronavirusu qarşılamaq imkanı Cənubi Qafqaz ölkələrində eyni səviyyədə deyildi.

Sonda müəllif bu işin günahkarlarını axtarır və etiraf edir: “Bütün bunlar düzdür. Hara firlatsan da, həqiqət budur ki, ölkəmiz neçə onillik ərzində real sıçrayış vaxtını itirib. İqtisadi, texnoloji, sivil. Biz özümüz günahkarıq ki, Ermənistan acınacaqlı durumdadır və böhranlı şəkildə Rusiyadan, İrandan, Gürcüstandan, xarici yardımdan asılı vəziyyətdədir. Biz özümüz günahkarıq ki, Gümrüdə rusların hərbi bazası var. Bizə sadəcə toxunmaq lazımdır ki, Ermənistan birdəfəlik uçuruma yuvarlansın”.

Erməni ekspert deməsə də yazdıqlarının intonasiyası onun yazmadığı aydın bir fikri də oxucuya aşılayır: “Qarabağı işğal edib bu günə düşməyimizin günahkarı da biz özümüzük”. Əks təqdirdə Ermənistan da, Gürcüstan kimi Azərbaycanın köməyi ilə dünya iqtisadi proseslərinin qaynar nöqtəsində yer ala bilərdi. Yeri gəlmişkən, bir faktı da nəzərə çatdırmaq lazımdır ki, artıq pandemiya ilə mübarizə cəbhəsinin maliyyəsi Azərbaycanda 3,5 milyard manata çatıb. Ermənilərdə ağıl olsaydı, indi bu ağır günlərdə Azərbaycanın təmənnasız yardımına bel bağlayardılar, daha donor təşkilatlarının qapısı ağzında boyunlarını burub durmazdılar.

N.NOVRUZ