Nazirlik kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan şəxslərə müraciət etdi

22 Aprel 2020 12:50 (UTC+04:00)

Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Su Nəqliyyatında Polis İdarəsinin və Ekoloji Təhlükəsizlik Xidmətinin birgə müraciət yayımlayıb.

Mövqe.az-ın məlumatına görə müraciətdə deyilir:

"Balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik ki, may ayının 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovlanmasını dayandırsınlar, balıqların təbii artımına və çoxalmasına bilavasitə maneə yaradan əməllərdən çəkinsinlər.

Qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamılə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yaradır.

 

Ona görə də bütün balıqçılara tövsiyə edirik ki, müəyyən olunmuş tələblərə əməl etsinlər və sivil balıqçılıq qaydalarını mənimsəsinlər.

Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslərə qarşı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qanunamüvafiq tədbirər görüləcək, cinayət işinin açılmasınadək ciddi cəza tədbirləri tətbiq olunacaq.

Su Nəqliyyatında Polis İdarəsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkənin su hövzələrində əməliyyat və nəzarət tədbirlərini davam etdirir".