Ermənistan yeni Qarabağ dalanında

22 Aprel 2020 15:45 (UTC+04:00)

 İlqar Vəlizadə: “Ermənistan düşdüyü son dərəcədə ağır durumdan xilas olmaq üçün mütləq şəkildə Qarabağ məsələsində konstruktiv mövqeyə gəlməlidir” Elxan Şahinoğlu: “Pandemiya Ermənistanı və qondarma rejimi olduqca çətin vəziyyətə salıb” Dünyanı ağuşuna alan koronavirus pandemiyası bir sıra ölkələrdə daha ağır nəticələr törədib. Belə ölkələrədn biri də işğalçı siyasət yürüdən Ermənistandır. Pandemiya onsuz da ağır vəziyyətdə olan bu ölkəni daha acınacaqlı duruma salıb. Ermənistan iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşüb. Demək olar ki, ölkədə heç bir müəssisə işləmir. Bu müstəvidə işğalçı ölkənin büdcəsi də xeyli pul itirir. Virus işğalçı ölkədə hətta ordularına da sirayət edib. Düşmən ordusunda bu virusa tutulanlar və ölənlər var. Bir sözlə, əvvəldən tənəzzül keçirən Ermənistan pandemiya fonunda daha ağır tənəzzül bataqlığına düşüb. Bunun nəticəsidir ki, İrəvan yenidən dilənmək siyasətinə keçərək, yardım üçün dünya ölkələrinə yalvarmağa başlayıb. Digər tərəfdən pandemiya onsuz da çətin şəraitdə yaşayan Ermənistan əhalisinin durumunu daha da pisləşdirib. Belədə, ölkədə hazırkı hakimiyyətdən narazılıq artır ki, postpandemiya dövründə bu narazılığın yüksələn xətlə gedəcəyi, Ermənistanda növbəti bir ciddi xaosa yol açacağı gözlənilir. Bir sözlə, pandemiya Ermənistanın bütün istiqamətlərdə tənəzzülünü daha da sürətləndirir. Bəs, bu hal düşmənin Qarabağ siyasətinə necə təsir edəcək? Politoloq İlqar Vəlizadə qeyd etdi ki, Ermənistan düşdüyü son dərəcədə ağır durumdan xilas olmaq üçün mütləq şəkildə Qarabağ məsələsində konstruktiv mövqeyə gəlməlidir: “Yaxşı olardı ki, Ermənistan pandemiya fonunda düşdüyü ağır durumdan özünə gəlmək üçün özünün Qarabağ siyasətində nəhayət reallığı dərk edib, münaqişənin tənzimlənməsi yolunda konstruktivliyə gəlsin. İrəvan bu fonda yaxşı olardı ki, Qarabağla bağlı yürütdüyü strategiyaya bir daha nəzər salıb, onun ilk növbədə elə özləri üçün nə dərəcədə zərərli olduğunu anlayaraq, dəyişdirsinlər. Bu, onların da xeyrinə olar. Amma əfsuslar ki, bunun belə olacağı gözlənilmir”. Politoloq bildirdi ki, tənəzzül girdabında boğulsalar da, İrəvanın yürütdüyü siyasət münaqişə ətrafında yaranan problemin tənzimlənməsinə deyil, daha da gərginləşdirilməsinə xidmət edir: “Bu vəziyyətdə belə son baş verən hadisələrə nəzər yetirdikdə görürük ki, Ermənistanın atdığı bütün siyasi addımları Dağlıq Qarabağ probleminin tənzimlənməsinə xidmət etmir. Keçən il Nikol Paşinyan bəyan etmişdi ki, guya Ermənistan iqtisadiyyatı ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Hətta bu zaman o, hansısa iqtisadi göstəriciləri də gözə soxmağa çalışırdı. Amma son iki ay göstərdi ki, bu “nailiyyətləri” tamamilə boş şeylərdir. Pandemiya ilə onların iqtisadiyyatda əldə etdikləri “müsbət” irəliləyişləri heçə endirildi. Amma buna baxmayaraq, düşmənin Dağlıq Qarabağ siyasəti istiqamətində hansısa dəyişikliklər baş vermədi. Keçən ay qondarma rejimdə qondarma “seçkilər” keçirildi. Bu ayın ortalarında isə təkrar “seçkilər” oldu. Ermənistanın özündə referendum təxirə salınsa da, Dağlıq Qarabağda qondarma “seçkilər” keçirildi. Bu, onu göstərir ki, oyunlar davam edir. Belə vəziyyətdə, dünya ictimaiyyəti onları başa salmalıdır. Pandemiya dövründə aydın məsələdir ki, Ermənistana heç kim, hətta ən yaxın müttəfiqləri belə kifayət qədər ciddi yardım göstərə bilməz. İndi hərənin başı özünə qarışıb”. İ. Vəlizadə düşünür ki, İrəvan tərəfindən siçan-pişik oyunları dayandırılmasa, yaranmış durum Ermənistanın özünə, erməni xalqına çox baha başa gələcək: “Azərbaycanın hərəkətləri və Minsk qrupu həmsədrlərindən də çox şey asılıdır. Oyunlar qurtarmasa, bu hərbi ssenarinin reallaşmasına gətirib çıxracaq. Çünki son zamanlar nəinki tək Qarabağ cəbhəsində, hətta Azərbaycan-Ermənistan sərhədində də vəziyyət gərginləşib. Belə olan halda, işğalın davam etməsi fonunda isə Azərbaycan pandemiyanın olub-olmamasından asılı olmayaraq status-kvo vəziyyətinin qalmasına sakit yanaşa bilməz və yanaşmayacaq. Azərbaycan düşmənə cavab verə bilər və bu cavab daha sərt olacaq. İrəvan aprel hadisələrinin təkrarlanmasını istəmirsə, onda özünü xilas etmək üçün vəziyyəti mütləq dəyişməli, konfliktin həlli istiqamətində real addımlar atmalıdır”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, pandemiya belə düşmənin Qarabağ siyasətində dəyişiklik yaratmayacaq. Onun sözlərinə görə, bu istiqamətdə dəyişikliyi ancaq Azərbaycan hökumətinin düşmənə yönəlik təzyiqlərinin daha da gücləndirilməsi yarada bilər: “Pandemiya düşmən ölkəni diz üstə çökdürsə də belə, onun İrəvanın Qarabağ siyasətinə elə bir ciddi təsirinin olacağını düşünmürəm. Təsiri olsaydı, çoxdan münaqişənin həlli istiqamətində ciddi addımlara gedərdilər. Ermənistanda vəziyyət həqiqətən də ciddi şəkildə ağırdır. Amma buna baxmayaraq, görürük ki, Ermənistan işğalçılıq siyasətini yenə də davam etdirir. Pandemiya Ermənistanı və qondarma rejimi olduqca çətin vəziyyətə salıb. Bu müstəvidə onlar yenə də dilənməyə başlayıblar. Hətta düşmən kimi baxdıqları Türkiyəyə də bununla bağlı müraciət ediblər. Lakin bu vəziyyətdə belə işğalçılıq siyasətindən əl çəkmirlər. Ona görə düşünmürəm ki, koronavirus Ermənistan iqtisadiyyatını çökdürsə, əhali arasında xəstəlik geniş yayılsa da, İrəvandakı hakimiyyət işğalçılıq siyasətindən əl çəkəcək. Azərbaycan bu müstəvidə əvvəlki siyasəti davam etdirərək, düşmənə təzyiqi artırmalıdır. Virusun olması o demək deyil ki, atəşkəsə tam riayət etməliyik. Təzyiqlərimizi davam etdirməliyik”.

Rüfət NADİROĞLU