Radikallar pandemiya ilə mübarizədə də yaxalarını kənara çəkdilər

23 Aprel 2020 09:04 (UTC+04:00)

Azərbaycan cəmiyyətində aparılan islahatlar inkişafdan doğan zərurətdir və buna görə hər bir dəyişiklik yerində edilir, xalqın rəğbətini qazanır. Hətta beynəlxalq qurumlar da ölkəmizdə baş verən islahatların daimi izləyicisidir və hər cəhətdən bu işləri təqdir edirlər. Çünki islahatlar tək gözlə görünən və hesabatlarda əks olunan keyfiyyət göstəriciləri ilə bitmir. Həm də düşüncələrdə kök salmış köhnə vərdişlərin yenilənməsi prosesi də paralel olaraq gedir, lakin bu incə və həssas məsələ olduğundan gözlə görünmür, yalnız əməldə özünü göstərir.

Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə bildirib ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq. Aparılan islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyub. Parlament seçkiləri göstərdi ki, aparılan siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir və dəstəklənir. Dövlətimizin başçısı, eyni zamanda, dövlətçilik naminə birlik nümayiş etdirməyin müasir dövlət quruculuğunda nə qədər böyük önəm daşıdığını da diqqətə çatdırıb. Buna görə də bu ildən başlayaraq hakimiyyət müxalif qüvvələrin də quruculuq prosesində iştirak etməsində maraqlı olduğunu nümayiş etdirib. Bir sıra müxalifət nümayəndələrinin mühüm dövlət postlarına təyin edilmələri və seçkili orqanlarda vəzifə tutmaları buna əyani sübutdur. Əfsuslar olsun ki, konstruktiv müxalifət bu işlərdə əməli fəallıq göstərsə də, radikallar yaxalarını kənara çəkiblər. Aydın hiss olunur ki, onlar çiyinlərini dövlətin idarə edilməsi kimi ağır işin altına vermək istəmirlər. Bu, dözülməz haldır ki, dövlətimizə düşmən kəsilmiş “5-ci kolon”un nümayəndələri bu koronavirus pandemiyası dövründə də öz əməllərindən əl çəkmirlər. Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Sosial bazadan məhrum bu insanların yaxalarını kənara çəkmələri təəccüblü olmasa da, ümumxalq işindən də uzaqlaşmaları ciddi narahatlıq yaradır. Çünki elə bu pandemiya göstərdi ki, birlik necə böyük qüvvədir. Azərbaycanda xalq-iqtidar birliyi bu bəlanın vaxtında önlənməsini təmin etdi və bütün dünya təşkilatları Azərbaycan rəhbərliyinin gördüyü təxirəsalınmaz tədbirləri yüksək səviyyədə təqdir etdi. Açığı, radikalların bu birlikdə olmasına ehtiyac duyulmadı. Yəqin, məsələyə real yanaşma olsa, özləri də bunu görərlər. Amma iş bunda deyil. İqtidar hesab edir ki, bu adamlar da Azərbaycan vətəndaşlarıdır və onlara müvafiq təklif verib. Təəssüf ki, radikalların niyyəti bu təkliflərə müsbət yanaşmağa imkan verməyib. Onlar yenə də sosial şəbəkələrdə hökumətin kürkünü qılınclamağa davam edirlər. Halbuki, xalqin birlik nümayiş etdirdiyi pandemiya ilə mübarizə günlərində əks təbliğat aparmaq düşmənçilikdən başqa bir şey deyil.

Ramiz Yunus, Qənimət Zahid, Elnur Sadıqov, Sevinc Osmanqızı, Əli Kərimli və başqaları hökumətin tədbirlərinə qarşı pozuculuq fəaliyyəti aparmaqdan başqa heç nə ilə məşğul olmayıblar. Üstəlik, nakişi bir taktika da başlayıblar sərgiləməyə: AXCP üzvləri qəsdən xüsusi rejimli karantin qaydalarını pozaraq qanun daxilində cərimələnir və ya polis tərəfindən qısamüddətli saxlanılır, dərhal da onların başbilənləri sosial şəbəkələrdə siyasi məhkum, müxalifətə qarşı repressiya kimi saxta iddialarla həyasız çıxışlara başlayırlar.

Halbuki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və onun komandasının çevik hərəkəti sayəsində əhalimiz virus təhlükəsindən vaxtında izolyasiya olundu və bu gün bizə “demokratiya”, “insan hüquqları” dərsi keçməyə çalışan dövlətlərə də nümunə göstərdi. İnkişaf etmiş dövlətlərin əksəriyyəti pandemiyanın hələ pik dövrünə çatmadığını dilə gətirir, bizdə isə artıq xüsusi rejimin yumşaldılması barədə söhbətlər gedir. Ona görə ki, pandemiya görülən tədbirlər nəticəsində zəifləyib. Bizim həqiqət budur, radikallar isə böhtançılıqla məşğuldurlar. Elə həyatda qazandıqları da “böhtançılar” adı olacaq. Yəqin, onların zövqünə və xislətinə bu ad daha yaxındır.

N.NOVRUZ