Microsoft yenidənqurma elan edib

12 İyul 2013 11:20 (UTC+04:00)

Microsoft korporasiyasının baş direktoru Stiv Balmer şirkətin yenidənqurması haqqında elan edib.

 

Yenidənqurmanın əsas məqsədi kimi S. Ballmer ayrı bölmələr üçün yox, şirkətin vahid strategiyanın yaradılmasının vacibliyini qeyd edib, Lenta yazır.

 

Nəticədə Microsoft-da bir neçə yeni qrup formalaşacaq. Belə ki, kompüter və digər qurğular üçün əməliyyat sistemlərinin işlənib hazırlanması ilə məşğul olacaq Əməliyyat sistemləri qrupu yaradılacaq. İkinci qrup cihaz və digər texniki avadanlığın istehsalını həyata keçirəcək.

 

Üçüncü yarımbölmə tətbiq və xidmətlər, dördüncüsü isə "bulud" texnologiyaların inkişafı istiqamətində fəaliyyət göstərəcək.

 

Bu qruplardan başqa, korporasiyada perspektiv işləmələr, marketinq, maliyyə, hüquq və digər məsələləri idarə edəcək bölmələr yaradılacaq.

 

Bundan əlavə, şirkətin baş direktoru Microsoft Office bölməsinin rəhbəri Kurt Del Benenin istefaya getməsi və bir sıra kadr dəyişikliklərin aparılmasını açıqlayıb.