Dollara tələb sürətlə azalır

23 Aprel 2020 10:44 (UTC+04:00)

Azərbaycanda son dövrlər keçirilən hərraclar göstərir ki, ABŞ dollarına maraq və tələb  günü-gündən azalır. Belə ki, aprelin 21-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu zaman hərracda tələb 38,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Həmin rəqəm isə o deməkdir ki, əvvəlki hərracla müqayisədə daha az dollar satılıb. Belə ki, aprelin 14-də  keçirilən növbədənkənar valyuta hərracında dollara tələb cəmi 56,5 milyon ABŞ dolları olmuşdu.  Aprelin 16-da baş tutan hərracda isə bu rəqəm daha da azalaraq 53 milyon dollar təşkil edib.
Yaranmış vəziyyət onu göstərir ki, 16 aprel hərracında dollara tələb 14 aprelə nisbətən 3,5 milyon dollar və ya təxminən 6,2% azalıb. Aprelin 21-də olan hərracda isə həmin tələb daha sürətlə azalıb. Belə ki, həftənin birinci günü olan hərracda dollara tələb 16 aprelə nisbətən 14,2 milyon dollar və ya təxminən 26,8% azalıb. Hərraclarda dollara tələbin azalmasını şərtləndirən səbəblər hansılardır? Bu tendensiyanın nə qədər davam edəcəyi gözlənilir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov öncə bildirdi ki, dollara tələbin belə azalacağının uzun müddət davam edəcəyini gözləməyə ehtiyac yoxdur: “Azərbaycanda normal tələb səviyyəsi gündəlik təxminən 15-20 milyon dollar ətrafındadır. Bunu hərracların sayı ilə müqayisə etdikdə, orta hesabla hərraclarda gündə 40-50 milyon dollarlıq tələb formalaşa bilər.   Bu, normal vəziyyətdir.
Tələbin aşağı düşməsinin əsas səbəbinə gəldikdə,  qısa müddətli dövrdə vətəndaşlar əllərində olan vəsaitin müəyyən hissəsini valyutaya çevirə bildi. Əvvəlki illərlə müqayisədə Azərbaycan vətəndaşı valyutaya sahib olmaq məsələsində çox maraqlı deyil. Onların əvvəlki dövrlərdə olduğu həmcdə valyuta almağa meyli yoxdur. Eyni zamanada, banklarda olan əmanət və depozitlərin strukturu da müəyyən qədər bu istiqamətdə alış imkanlarını məhdudlaşdırır. Prosesi yoluna qoymaq məqsədilə Mərkəzi Bank və digər aydiyyatı qurumlar tərəfindən pul kütləsinin tənzimlənməsi istiqamətində də müəyyən addımlar da atılıb. Nəticədə proses indiki halda sabitləşib.
Həmçinin, iqtisadiyyat tam gücü ilə işləmədiyindən faktiki olaraq gəlir yaratmayıb. Gəlirin yaranmaması nəticəsində bazarda əlavə valyutaya tələb formalaşmayıb. Daxili istehlak da aşağı düşüb. Bu potensial idxal üçün yaranacaq valyuta tələbini aşağı salır.  O da öz növbəsində indiki halda manat üzərində təzyiqləri müəyyən qədər zəiflədir”.
Ekspert qeyd etdi ki, növbəti dövrlərdə valyutaya tələbin sərt atacağını müşahidə etməyəcəyik: “Bunu düşünmürəm. Çünki faktiki olaraq manat kütləsinin həcmi, xüsusilə də vətəndaşların yığımı bu istiqamətdə böyük tələb formalaşdıracaq çərçivədə deyil. Proses hələlik nisbətən stabil görünür. Hökumət qurumlarının da manatın stabilliyilə bağlı açıqlamaları oldu. Bunun özünün də bazara psixoloji təsirləri vardır. Növbəti həftələrdə vəziyyət yenə də hökumətin bu istiqamətdə verəcəyi siqnallar və dünya bazarında neftin qiymətindən, ümumi çağırışlardan asılı olacaq”.   
İqtisadçı ekspert Cümşüd Nuriyevin fikrincə, hərraclarda dollara tələbin azalmasına koronavirus pandemiyasının yaratdığı vəziyyət bais olub: “Dollara tələbin azalmasının əsas səbəbi indiki anda firma, şrkət və insanların alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Kapitalın dövriyyəsi yarananda dollara ehtiyac yaranır. Ancaq hazırkı şəraitdə həmin dövriyyə də yaranmayıb.
İki aya yaxındır ki, ölkəmizdə müəssisələrin fəaliyyəti dayanıb, deməli ixrac da əsasən baş tutmur. Hazırda idxala da müəssisələrin o qədər də ehtiyacı yoxdur. İdxalda əsas rolu dövlət oynayır ki, hazırda onun da  lazımi qədər ehtiyatları var. Digər tərəfdən, ölkələr arasında alış-satış demək olar ki, dayandırılıb. Sahibkarlar dövlətin yürütdüyü siyasətə uyğun olaraq işçilərini işdən çıxarmır. Ona görə də çalışırlar ki, əmək haqqını təmin edə bilsinlər. Əmək haqqı isə manatla olduğundan onlar daha çox dollar sata bilərlər, nəinki onu ala bilərlər. Bir sözlə, belə vəziyyətin yaranmasının əsas səbəbi koronavirusla bağlı məsələlərdir və müvəqqətidir. May ayından başlayaraq kapital dövriyyəsi və istehsal artacaq. Belədə, artıq dollara da ehtiyac artacaq və onun dövriyyəsi sürətlənəcək”.
R. SOLTANOV