Pandemiyadan hamı zərər görəcək, amma...

24 Aprel 2020 08:20 (UTC+04:00)

Dünyanın ictimai-siyasi həyatı davam etsə də, daha əvvəlki sxem üzrə idarəetmə işə yaramır. Yaranmış situasiya yeni baxışlar sistemi tələb edir. Ancaq işin asan tərəfi də var. Bu, pandemiyaya qarşı mübarizənin gedişində zərurət kimi meydana çıxan birliyin hansı səviyyədə özünü təcəssüm etdirməsidir. Artıq bəla öz işini görüb. Pandemiyaya yönəlmiş mübarizə meydanında həyatını itirən insanların simasında qan axıdılıb, dövlətlərin ehtiyatları həm əmtəə, həm də nağd vəsait şəklində xeyli israf olunub. İndi elə dövlətlər var ki, borc içində boğulur. Elələri var ki, borc almağa tərəfdaş tapmır. Elələri də var ki, vaxtında gördüyü tədbvirlər sayəsində xərclərini ödəməklə yanaşı başqalarına yardım edir və borc verir. Yəni, dünyanın iqtisadi sistemi məhvərindən çıxıb. Onu yeni məcraya salmaq bir neçə aylıq, bəlkə də illik vaxt tələb edir. Bunun üçün iqtisadiyyat yenidən qurulmalı, xalqın sosial həyatının atributları yaradılmalıdır.

Pandemiya ilə paralel olaraq dünya iqtisadi böhranının da dərinləşməsi vəziyyəti kəskinləşdirib. Neftin qiyməti ağılasığmaz dərəcədə azalıb. Hətta ən mahir iqtisadçı-analitiklər üçün də gözlənilməz enişlər baş verib. “Bunun axırı necə olacaq?” sualı gündəmin mövzusudur. Siyasiləri də bir sual düşündürür: Görəsən, kim bu mübarizədən qalib çıxacaq? Hələlik konkret adlar məlum olmasa da, güclü ehtimallar var. Məsələn, iqtisadçıların proqnozlarına görə, Asiya və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin ABŞ-da 2020-ci ilin yekununda 5 faizdən yuxarı iqtisadi azalma qeydə alınacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat ümumilikdə 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacaq. Fond ilin sonuna Azərbaycan iqtisadiyyatının cəmi 2,2 faiz kiçiləcəyini gözləyir. Bu isə o deməkdir ki, ölkəmiz Orta Şərq və Mərkəzi Asiyada neft-qaz ixrac edən 11 ölkə arasında pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

10 il əvvəlki dünya böhranında da Azərbaycan iqtisadiyyatı dayanıqlılığı ilə seçilərək böhrandan ən az zərər görən 4 ölkədən biri olmuşdu. Bu eyniliyi tarixin təkrarı kimi yox, ölkədəki sabitlik fonundan inkişafın artım sürətilə izah etmək daha doğru olar. Çünki neft gəlirlərinin düzgün bölgüsü və istifadəsi, habelə ümidi yalnız karbohidrogen ehtiyatlarına bağlamayaraq qeyri-neft sektorunun inkişafına daha böyük diqqət ayırmağın nəticəsidir ki, bu gün Azərbaycan hər hansı, istər təbii, istərsə də siyasət nəticəsində baş verən təlatümləri qarşılamağı bacarır. Demək, ölkədə aparılan iqtisadi-siyasi strategiya özünü doğruldur.

Pandemiyanın tüğyan etdiyi bütün dövlətlərin rəhbərləri mübarizənin rəmzi kimi ölkənin ictimai-siyasi qüvvələri ilə xalq kütlələrinin birliyini göstərirlər. Çünki koronavirusdan qorunmaq üçün hökumətin tətbiq etdiyi karantun tədbirləri, fövqəladə vəziyyət rejimi və sairəni yalnız asayiış keçikçilərinin qüvvəsi ilə təmin etmək qeyri-mümkündür. Bunun üçün hər bir vətəndaşın qaydalara əməl etməsi və digərlərini də buna təhrik etməsi vacib şərtdir. Azərbaycanın uğurunun əsasında da məhz bu amil durur. Yəni, bizdə xalq-iqtidar birliyi bütün çətin sınaqlardan alnıqaçıq çıxmağa imkan verir.

Koronavirusun qarşısını almaq üçün hökumətin gördüyü tədbirlər vətəndaşlar tərəfindən böyük etimadla qarşılanır. Zaqatala rayonunun sakini Famil Rəhimov Prezident İlham Əliyevə minnətdarlıq məktubunda dövlətimizin başçısının hər bir yaxşı və çətin gündə xalqımızın, o cümlədən gənclərimizin yanında olduğunu qeyd edir. F.Rəhimov məktubunda yazır: “Əziz və hörmətli Prezidentimiz, hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərimizin yanında olmusunuz və hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini düşünürsünüz. Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhvali-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik. Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz.  Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram”.

Xalq-iqtidar birliyinin əsası isə qarşılıqlı surətdə vətəndaşların dövlətin siyasətindən razı qalması nəticəsində formalaşır. Çünki Prezident İlham Əliyevin rəhbərlik prinsipinin başlıca qayəsi Azərbaycan xalqının rifah halının yaxşılaşması, dövlətin xalqın xidmətində durması, əhalinin sağlamlığının qorunmasıdır. İnsan ömrü üçün bundan gözəl və dəyərli prinsip yoxdur. Bir məsələyə diqqət vermək lazımdır ki, hər hansı bir şəxsi nəyə görəsə təbrik edəndə, ona ilk növbədə möhkəm can sağlığı arzu edirlər. Bax, Azərbaycanın dövlət siyasətinin ana xəttini bu istiqamət təşkil edir. Xalq, Prezidentin rəhbərliyi altında dövlətin qayğısını hər an hiss edir. Camaatın istədiyi nədir? İş, istirahət, normal qidalanma, xoş güzəran və gələcəyə ümid. Bunların hamısı Azərbaycanda var və ildən-ilə də yüksəlir. Buna görə də xalq iqtidarı dəstəkləyir və bu cür qarşılıqlı münasibətlər hərarətli birliyin yaranmasını asanlaşdırır. Bu gün pandemiyanın qarşısını bu möhtəşəm birlik kəsir.

N.NOVRUZ