ÜST: COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb

23 Aprel 2020 18:00 (UTC+04:00)

Avropada koronavirusdan ölüm hallarının yarısı qocalar evində baş verib.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin rəhbəri Hans Kluqe deyib.

“Orada işləyənlər tanınmayan qəhrəmanlardır. O işçilərə daha çox qoruyucu kostyum verilməlidir. Qocalar evində yaşlılara daha yaxşı baxılmalı idi, ancaq, təəssüf ki, bu, belə olmadı”,- H.Kluqe bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 661 000-i ötüb. Bunların 730 727 nəfəri sağalıb, 185 504 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.