Milli Məclisin mətbuat xidmətinin məlumatı

24 Aprel 2020 11:52 (UTC+04:00)

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılıb. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.

Milli Məclisin mətbuat xidmətindən Mövqe.az-a daxil olan məlumata görə, belə bir yeni şöbənin yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

“Xatırladırıq ki, belə bir şöbə hələ 2019-cu il 19 noyabrda Milli Məclis Sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda qeyd edilir.