Hökumət ərzaq məhsullarını ucuzlaşdırır

24 Aprel 2020 18:19 (UTC+04:00)
Natiq Cəfərli: "ƏDV-dən azad olunma fonunda mal və məhsulların 15 faizə qədər ucuzlaşması kifayət qədər ciddi rəqəm sayıla bilər" Əli Əlirzayev: "Bu baş verərsə, sözsüz ki, həmin gətirilən məhsulların qiyməti də ucuzlaşacaq" Azərbaycan hökuməti hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də əhalinin və sahibkarların marağına uyğun addımlar atır. Aydın məsələdir ki, pandemiya bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali kütləsi və sahibkarların imkanlarının məhdudlaşmasına səbəb olub. Bu səbəbdən Azərbaycan dövləti insanların mənafeyini üstün tutaraq idxal sahəsində bir sıra vergi güzəştləri nəzərdə tutur. Həmin güzəştlər xüsusən də indiki həssas məqamda əhaliyə daha çox lazım olan mal və məhsullara tətbiq ediləcək. Belə ki, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi ilə bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur. Qeyd edək ki, bu məsələ İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmində öz əksini tapıb. Bunlar fonunda həmin idxal məhsullarının qiymətində ucuzlaşma gözləmək olarmı? İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ƏDV qiymət formalaşmasında mühüm komponent olduğundan, onun aradan qaldırılması birmənalı olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq: "Sözsüz ki, əlavə dəyər vergisi qiymətlərin formalaşmasında ciddi rol oynayan alətlərdən, amillərdən biridir. ƏDV-nin 18 faiz olması və onun ləğvi qiymətlərə ucuzlaşma baxımından ən azından 15 faizə qədər təsir göstərməlidir. Hansı sahədə ƏDV ləğv olunarsa, həmin məhsullar üzrə azı 15 faiz qiymət ucuzlaşmasının şahidi olacağıq. Ona görə 18 deyil, 15 faiz deyirəm ki, ölkədə təxminən 2-3 faiz civarında müəyyən inflyasiya prosesləri də var. Həmin inflyasiyanı amortizasiya etmək üçün ola bilər ölkəyə mal gətirən iş adamları qiymətin 18 deyil, 15 faiz azaldılmasına gedə bilərlər. Bu da doğru qərardır. Hər halda ƏDV-dən azad olunma fonunda mal və məhsulların 15 faizə qədər ucuzlaşması da kifayət qədər ciddi rəqəm olacaq. Buna paralel olaraq, proses bazar oyunçularının sayının azalmasına səbəb olmayacaqsa, əksinə bazarda daha çox oyunçu yaranacaqsa, rəqabətli mühit daha da güclənəcək. İstənilən halda, vergilərdən azad olma iqtisadi aktivliyi artırmalıdır. İqtisadi aktivliyin artması, rəqabət mühitinin güclənməsi də öz növbəsində qiymətlərin ucuzlaşmasına təsir edəcək. Nəticədə, yaranmış vəziyyət təbii ki, əhalinin xeyrinə olacaq. Yəni vergi endirimlərilə paralel olaraq, iqtisadi aktivliyin və oyunçuların sayının artması da qiymətlərin düşməsində rol oynayan vacib elementlərdəndir". İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, ƏDV-nin götürülməsi adı çəkilən məhsul növləri üzrə qiymətlərin enməsinə rəvac verəcək: "Təbii ki, pandemiyanın mövcud olduğu indiki şəraitdə tibbi avadanlıqlar, ləvazimatlar, əhalinin və uşaqlarımızın ərzaq ehtiyaclarının təmin edilməsi üçün gətirilən mal və məhsullara qoyulan vergilərin, o cümlədən əlavə dəyər vergisinin saxlanılmasına lüzum yoxdur. Həmin məhsullar məhz müəyyən məqsədə görə alınıb gətirilir. Bu məhsullar ünvanlı məhsullardır. Dərman preparatları, texnologiyalar, infeksiyaya qarşı olan avandanlıqlar, uşaq ərzaqları və digər gətirilən ərzaqlar, bunlar hamısı birmənalı olaraq ƏDV-dən azad olmalıdır. Bu baş verərsə, proses sözsüz ki, həmin gətirilən məhsulların qiymətinin ucuzlaşmasına da təsir edə bilər. Ancaq bir məsələ var ki, bu məhsullar əsasən idxal edilir. Xaricdə isə indiki şəraitdə həmin məhsulların qiymətləri qalxa da bilər. Ona görə başlıca məsələ həmin zəruri məhsulların ölkə daxilində istehsalı məsələsidir. Bu baş versə, daha yaxşı olar və qiymətlər daha ucuz başa gələr. Təbii ki, qiymətə təsir etməlidir və edəcək. Bu aydındır. Ancaq dediyim kimi, gərəkdir ki, bu məhsullar daxildə istehsal olunsun. Belə olarsa, daha yaxşı olar". R. SOLTANOV