Hücum üçün hər şey hazırdır

25 Aprel 2020 07:50 (UTC+04:00)

Dünyanın qarışdığı bir zamanda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların növbəti raundu keçirilib. Gözləmək olardı ki, nəhayət, bu dəfə işğalçı müdriklik anlayışının nəyi ehtiva etdiyini anlacaq və danışıqlarda substantiv mövqeyə yaxınlaşacaq. Bütün ekspertlər kimi biz də yazının intonasiyasından göründüyü kimi dəqiq yox, ehtimalla, gümanlar mövqeyindən çıxış edirik. Çünki təcrübə bunu diktə edir. Zənnimizdə yanılmamışıq, Ermənistan tərəfi bu dəfə də reallığı unudub həyasız iddialarla danışıqları pozmaq mövqeyi sərgiləyib. Hətta bu ərəfədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı bəyanat səsləndirib. Düzdür, Lavrovun bəyanatı sətiraltı mənasına görə absurd adlandırılmağa layiqdir. Amma hesab edək ki, onun bu bəyanatında riyakarlıq faizi olduqca azdır. Lakin Ermənistan rəhbərliyi yenə dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, danışıqlar prosesini pozmaqla yanaşı, işğal altındakı ərazilərimizi geri qaytarmayacaqlarını bəyan ediblər.

Erməni siyasi hakimiyyəti bu mövqeyinin arxasında durmağa qadirdirmi? Axı, bu mövqenin sonu müharibə deməkdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev bu günlərdə Trend-ə verdiyi müsahibədə deyib: “Əslində, Ermənistan rəhbərliyinin, eləcə də bu ölkənin xarici işlər idarəsinin işğalçılıq mövqeyindən çıxış edən bəyanatlar səsləndirməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bəlli edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır”.

Bəli, Azərbaycanın hərbi yola əl atmaq hüququ gündəmdədir. Bəzi anti-Azərbaycan qüvvələri, o cümlədən işğalçı Ermənistanın rəsmiləri tez-tez əllərində bayraq edərək bildirirlər ki, Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə müharibə etməmək öhdəliyi götürüb. Ola bilsin, həqiqətən kağız üzərində hansısa bu və ya buna oxşar öhdəliklər yazılıb. Lakin birincisi, nəzərə almaq lazımdır ki, Avropa Şurası hüquqi təşkilat deyil. İkincisi də, bu yaxınlarda Azərbaycan Respublikasını Prezidenti, Ali Baş komandan İlham Əliyev hökmlü tonda bildirib: “Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”. Bu isə o deməkdir ki, hər hansı qurumun nə deyəcəyindən asılı olmayaraq torpaqlarımızın azad edilməsi başda Pprezident olmaqla Azərbaycan xalqının müqəddəs vəzifəsidir və bu vəzifənin yerinə yetirilməsinin qarşısını almaq heç kimə müəssər olmayacaq.

Hadisələrin gedişi artıq danışıqlar prosesinin aforizminə çevrilmiş “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin de-fakto gerçəkləşməsi anı yaxınlaşır. Azərbaycan dövləti və xalqı hərbi-iqtisadi cəhətdən azadlıq müharibəsinə çoxdan hazırdır və ictimai-siyasi mövqedən artıq hazırlığın son mərhələsindədir. Necə deyərlər, “meyvə yetişəndə özü saplağından qopur”.

M.Əliyev də müsahibəsində bu faktoru təsdiqləyir: “Bəli, bu bir reallıqdır və dünya birliyi tərəfindən də qəbul edilən gerçəklidir ki, güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Ona görə də hesab edirəm ki, əgər Azərbaycan danışıqlar masasında oturursa, hərbi güc, hərbi qüdrət faktoru da nəzərə alınır.

Əslində ortada olan faktlar da bu reallığı əks etdirməkdədir. Misal üçün, bu gün Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar.

Amma göründüyü kimi kökündən yanılırlar. Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. Artıq illərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır”.

Generalın söylədiyi fikirlərin yekun nəticəsi belədir: Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər! İşğalçının bu aksioma qarşısında necə cavab verəcəyi məlum deyil. Amma ümumiyyətlə, cavab verə  biləcəkmi?

N.NOVRUZ