Azərbaycan ədəbiyyatında bir ilk
3 Aprel 2012 19:49 (UTC+04:00)
Kamal Abdulla: "Təxminən iki həftə öncə 5 alimə və mənə Nobel
Komitəsindən növbəti məktub daxil oldu və burada yazılıb ki, mənim
namizədliyim qəbul edilib"
2012-03-31 08:16:08
Martın 30-da Bakı Slavyan Universitetinin (BSU) rektoru, yazıçı
Kamal Abdulla mətbuat konfransı keçirdi. O, Nobel mükafatına
namizədliyinin qəbul edilməsi ilə bağlı sualları cavablandırdı.
K. Abdullanın sözlərinə görə, 2011-ci ilin noyabrında İsveç
Akademiyasının Nobel Komitəsindən BSU-ya məktub daxil olub:
"Noyabrda universitetimizə daxil olan məktubda ali məktəbimizə
təklif olunub ki, 5 professoruna öz namizədini irəli sürməklə bağlı
sorğunu təqdim etsin və onlar həmin sorğunu cavablandırsınlar. Biz
də bunu universitetimizdə çalışan alimlərimizə təqdim etdik. Həmin
alimlər, Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə
Quliyeva, Naidə Məmmədxanovadır. Onlar da namizəd kimi məni
göstəriblər. Təxminən iki həftə öncə isə 5 alimə və mənə Nobel
Komitəsindən növbəti məktub daxil oldu və burada yazılıb ki, mənim
namizədliyim qəbul edilib."
K. Abdulla şübhələrin qarşısını almaq məqsədilə həmin məktubları
mətbuat nümayəndələrinə təqdim etdi. Onun sözlərinə görə, son
zamanlar bu mövzu ətrafında Azərbaycan mediasında bir çox yanlış
fikirlər yer alıb: "Jurnalistlər bəzən bilmədən yazırlar ki, əsər
xarici dilə tərcümə edilməyib. Amma bu çox yanlış fikirdir. Digər
tərəfdən də bəzi mətbuat orqanlarında mənim guya başqa əsərimin -
"Trilogiya"nın Nobel mükafatına namizəd olduğu fikirləri yer alır.
Burdan bir daha bəyan edirəm ki, Nobel mükafatına namizəd kimi
"Yarımçıq əlyazmalar" göstərilib". O, Nobel mükafatına təqdim
olunan "Yarımçıq əlyazmalar" əsərinin 5 dilə tərcümə edildiyini,
hazırda isə ərəb və yapon dillərinə tərcümə prosesinin getdiyini
diqqətə çatdırdı: "Əsər ilk dəfə fransız dilinə tərcümə edilib.
Sonra rus və türk dillərinə çevrilib. Hər 3 çevrilmədən sonra onun
haqqında həmin ölkə mətbuatında geniş yazılar verilib, tanınmış
universitetlərdə müzakirə edilib. Daha sonra əsər Braziliyada
fransızcadan portuqalcaya tərcümə edilib. "Yarımçıq əlyazmalar"ın
ərəbcə variantı da hazırdır. Misirdəki məlum hadisələr onun nəşrini
yubadıb. Sonuncu tərcümə yapon dilinə olunub. Artıq proseslər
bitmək üzrədir".
Rektorun sözlərinə görə, əsərin başqa dillərə tərcümə prosesi hələ
də davam edir: "Bu yaxınlarda mənə Polşada olan nəşriyyatlardan
biri əsəri ruscadan polyak dilinə tərcümə edilib, nəşrə başlamaq
üçün icazə istəyib. Güman edirəm ki, bu çevrilmə də yaxında baş
tutacaq."
Konfransda Nobel Komitəsinin seçim hüququna malik alimlərindən olan
Rəhilə Qeybullayeva bəyan edib ki, K. Abdullanın "Yarımçıq
əlyazmalar" əsərinin namizədliyinin irəli sürülməsi prosesi onun
tərəfindən həyata keçirilib: "2007-ci ildə Nobel Komitəsindən mənə
müraciət edildi ki, ədəbiyyat nominasiyası üzrə öz namizədimi irəli
sürüm. Mən də Kamal Abdullanın həmin əsərini komitəyə təqdim etdim
və əsərin xarici dilə tərcümə edilən nüsxəsini də İsveç
Akademiyasına göndərdim".
Xatırladaq ki, Kamal Abdulla yazıçı, ictimai xadim, filologiya
elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq
Fondunun sədri, Türk Dil qurumunun həqiqi fəxri üzvüdür. O,
həmçinin Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü
(akademiki), MŞPU-nun (Moskva Şəhər Pedaqoji Universitetinin) fəxri
doktorudur. Rus PEN-klubunun (Moskva) üzvüdür.
Tural QABİLOĞLU