Çətin şəraitdə ASAN idarəçilik

27 Aprel 2020 12:09 (UTC+04:00)
İdarəçilik müasir dövrdə elm kimi araşdırılır. Dünyanın nüfuzlu ali məktəblərində “public adminstration”, “management”, “municipal adminstration”, “strategic management”, “electronic managament” və.s fənləri tədris olunur ki, bu isimlərdə həm də akademiyalar, universitetlər, elm mərkəzləri də vardır. Elə altı il təhsil aldığım (bakalavr və magistr) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da idarəetmə elminin sirləri müasir və innovativ formada tədris olunur. Ümumiyyətlə, idаrəеtmə təcrübəsinin tarixi çоx qədimdir. Elmi idarəetmə məktəbinin - idarəetmə elminin yaradıcıları Fredrik Teylor, Henri Hant, Frenk Cilbert, Lillian Cilbert və başqaları bizim еrаmızdаn əvvəl 3-cü minilliyə аid оlan qədim Şumеrdə idаrəеtmə prаktikаsı, Rоmа lеgiоnlаrının nizamlı idаrəolunmasını, o cümlədən Misir ehramlarının, Babilistanın asma bağlarının, Çin səddinin inşası olan dövrlərdən bəri nizamlı idarəetmə prinsiplərini necə öyrəniblərsə, müasir dövrün çətin situasiyalarında – dünya müharibələri, təbii fəlakət-pandemiya dövrlərində, azad dünya iqtisadiyyatının tənəzzülü və virtual dünya nizamında nizamlı dövlət idarəçilik institutlarının təcrübəsi də öyrəniləcək. Artıq bu bir faktdır ki, dünyanı öz ağuşuna alan COVİD-19 pandemiyası insanların kütləvi tələfatına, dünya iqtisadiyyatının tənəzzülünə, dünya dövlətlərinin idarəçiliyini demək olar ki, iflic vəziyyətinə saldığı bir vaxtda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi, yaratdığı elektron hökümət tədbirlərinin düzgün icra və idarəedilməsi fövqündə idarəetmə elminin öyrənilməsi və tətbiqində yeni yanaşmanın əsası qoyuldu – ASAN idarəçilik.
  Onsuzda dünya dövlətlərində və beynəlxalq təşkilatlarda Azərbaycan brendi kimi nüfuz qazanmış ASAN idarəçilik sistemi COVİD-19 pandemiyasının ölkəmizdə yaratdığı karantin rejimi şəraitində dövlət – vətəndaş münasibətlərinin tənzimlənməsində, dövlət orqanları arasında mobil fəaliyyətin qurulmasında qüsursuz xidmət tətbiq etdi. Dövlət idarəçiliyi anlayışının mahiyyəti də elə ondadır ki, o, özündə siyasi, sosial və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir. Nəhayət, dövlət özündə yalnız siyasi hakimiyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir. Dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub,  ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin və insanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Ölkədə Ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini  səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan "ASAN” və “DOST” dövlət xidmətlərinin fəaliyyəti ilə də dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş – məmur münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün  2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icra edilmiş, Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. 2011-ci ildə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı idarəetmə sistemində çevikliyin və səmərəliliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir. 
      Milli inkişaf modelinin müəllifi, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsilə "vətəndaşa, insan faktoruna yönümlü" müasir idarəetmə modelinin formalaşdırılması, idarəetmə orqanlarında aparılan islahatlar elektron hökümətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Onlyoneenty” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Siyasi varisliyə, milli maraqlara və müasirliyə əsaslanan, dövlət qulluğunun xalqa xidmət olduğunun institusional əsaslarını formalaşdıran siyasi iradə milli, modern, şəffaf və səmərəli idarəetmə modelinin qurulmasına yönəlir. Bu məqsədlə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində ardıcıl xarakterli silsilə tədbirlər həyata keçirilir. "Azərbaycan gələcəyə baxış" İnkişaf Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişafa nail olmaqdır. Beləliklə, demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik təliminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir.
Zaur Adıgözəlov
Milli Məclisin əməkdaşı, fəlsəfə doktoru