“Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın güzəştə getməsi şərtdir”

12 İyul 2013 16:22 (UTC+04:00)

"Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 20 ildir, davam edir və biz hələ də problemin sülh yolu ilə həllini görmürük.


BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair qəbul etdiyi qətnamələr birmənalıdır: Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Almaniya bu məsələdə BMT Təhlükəsizlik Şurasını dəstəkləyir".

 

Mövqe.az-ın məlumatına görə, bunu Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) millət vəkili, Parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib.

 

 

O. Henninq bildirib ki, Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır: "Ondan sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilər".

 

Azərbaycan coğrafi mövqeyinə görə Rusiya və İran, Türkiyə və Xəzər dənizi arasında mühüm bir regionda yerləşdiyini qeyd edən deputat Almaniyanın iyirmi ildən çoxdur, Azərbaycanla dostluq etdiyini vurğulayıb: "Odur ki, biz ikitərəfli münasibətlərin daim güclənməsində çox maraqlıyıq".

 

O. Heninqin fikrincə, əsl sülh prosesinə nail olmaqdan öncə Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşdırılmalıdır: "Odur ki, hazırkı vəziyyətdə Ermənistanın güzəştə getməsi şərtdir. Ötən il Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri" qeyri-legitim idi. Bu cür addımların atılmasında məqsəd legitim nəticələrə gətirib çıxaracaq əsl danışıqlara nail olmaq deyil, sadəcə status-kvonun saxlanmasıdır".