Gənc vokalçı ölkəmizi beynəlxalq festivalda uğurla təmsil edib

12 İyul 2013 16:48 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Astanada gənc istedadların "Şattık" beynəlxalq festivalı keçirilib.  Mədəniyyət və Turizm Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, 2013-cü il iyulun 5-8-də gerçəkləşən tədbir Astana şəhərinin paytaxt elan olunmasının 15 illik yubileyi və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin doğum günü münasibətilə təşkil edilən şənliklər çərçivəsində baş tutub. 


Musiqi bayramı Qazaxıstanın Mədəniyyət və Turizm Nazirliyi, Astana Şəhər Hakimiyyəti təşkilatçılığı ilə reallaşıb. Açılışda iştirak edən Prezident Nursultan Nazarbayev festivala qatılmış gənc istedadları salamlayıb, onlara uğurlar arzulayıb.


Festivalda ölkəmizi Bakı şəhərindəki G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Emin Eminzadə təmsil edib. Gənc vokalçımız "Bessame Mucho", "Cry me a River" və dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin "Azərbaycan" mahnılarını oxuyub. Onun ifası sürəkli alqışlarla qarşılanıb. Emin Eminzadə festivalın baş mükafatı olan kubok-diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Azərbaycanlı gənc ifaçı festivalın qala-konsertində də qalib kimi çıxış edib.