Pandemiya neft qiymətində hələ də böyük əngəldir

28 Aprel 2020 09:54 (UTC+04:00)
Neft bazarında bütün cəhdlərə rəğmən, qiymətləri hələ ki, tənzimləmək mümkün olmur. Belə ki, "qara qızıl"ın qiyməti hələ də sabit deyil. Qeyd edək ki, neft hasil edən OPEK+ ölkələri aprelin 9-da gündəlik hasilatın 9,7 milyon barrelə qədər azaldılması barədə razılığa gəliblər. Amma buna baxmayaraq, həmin razılığın ilk günlərində neftin qiymətində cizi artım baş versə də, sonradan qiymət yenidən aşağı enməyə başladı. Belədə bütün cəhdlərə baxmayaraq, neftin qiymətini hələ də tənzimləmək qeyri-mümkündür. Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, indiki halda edilən cəhdlərə rəğmən, neftin qiymətini pandemiyanın tüğyan etdiyi şəraitdə tələbin azalması ilə əlaqədar tənzimləmək mümkün deyil. Ancaq həmsöhbətimiz bir qədər səbr etməyi tövsiyyə etdi. Çünki onun fikrincə, may ayının 1-dən başlayaraq neftin qiymətlərində tənzimlənmə tendensiyası özünü göstərməyə başlayacaq: "Əslində, neft hasil edən ölkələrin hasilatı azaltmaqla bağlı razılaşmaları may ayının 1-dən etibarən qüvvəyə minəcək. Hazırki şəraitdə neft hasil və ixrac edən dövlətlər gündəlik hasilat və ixrac həcmlərinin müəyyən edilməsində tam olaraq sərbəstdirlər. Belədə, onların mayın 1-nə kimi heç bir öhdəlikləri yoxdur. Bazarın bu müstəvidə tənzimlənməsi mayın 1-dən başlayacaq. Həmin gündən etibarən OPEK və ondan kənar dövlətlərin əldə etdikləri yeni Vyana sazişinin şərtlərinə görə, may-iyun aylarında gündəlik hasilat iştirakçı dövlətlər arasında bölünən ümumi kvotaya uyğun olmaqla 9,7 milyon barrel azaldılacaq. Bu proses iyulun sonuna qədər nəzərdə tutulub. Belədə hasilat həcmlərinin təməl prinsipi əsasında sazişi imzalayan bütün dövlətlər arasında 23 faizə qədər azalma olacaq. Ondan sonra bazarda neftin qiymətinin tənzimlənməsi mexanizmi tam gücülə işə başlayacaq. Məsələ ondadır ki, hazırda pandemiyanın yaratdığı fəsadlarla bağlı olaraq dünya bazarında neft və neft məhsullarına tələbat kəskin şəkildə aşağı düşüb. Bu baxımdan neftin indiki qiymətində özünü göstərən dalğalanma və enmələr məhz həmin faktordan qaynaqlanır". Z. Vəliyev onu da vurğuladı ki, neftin qiymətinin qalxması üçün sazişin şərtlərinin düzgün tənzimlənməsi də vacibdir: "Mayın 1-dən qüvvəyə minəcək saziş şərtlərini düzgün tənzimləsələr, eyni zamanda, sutkalıq neft hasilatı və ixracına, aktivlərdəki neft emalı zavodlarının xammalla yüklənməsinə, neft məhsullarının ixrac həcmlərinə düzgün diqqət yetirib tənzimləyə bilsələr qiymətlər də həmin dövrdən etibarən tənzimlənəcək. Amma onu da deyim ki, bunu etmək elə də asan məsələ deyil. Çünki hər bir dövlətin öz bazar və müştəri bazarlarını genişləndirmə marağı var. Bunların hamısına nəzarət etmək bir qədər çətin olacaq. Ancaq bütün hallarda bu format 2016-cı ildən cari ilin mart ayına qədər fəaliyyətdə olub. Onu da deyim ki, neft sənayesi tarixində belə bir uğurlu format hələ indiyə kimi olmayıb. Həmin format da pandemiya epidemiyasının baş qaldırmasına qədər müsbət nəticələr verirdi. Bundan sonra ümid edirəm ki, bazar düzgün tənzimlənəcəyi təqdirdə yenə də müəyyən irəliləyişlərə nail ola bilərlər. Məsələ ondadır ki, yeni əməkdaşlıq bəyannaməsinə görə, dövlətlərin öhdəlik şərtlərini yerinə yetirmələrilə bağlı ikiqat nəzarət sistemi formalaşdırılıb. Bunlar OPEK və ondan kənar neft dövlətlərinin monitorinq komitəsi və prosesə cəlb olunan müstəqil bir şirkətdir. Ona görə hesab edirəm ki, artıq bütün dövlətlər götürdükləri öhdəliyə vaxtlı-vaxtında əməl edəcəklər. Çünki digər başqa yol yoxdur". R. SOLTANOV