"Otuz manat yardım edəndə əlli manat istəyirlər"

28 Aprel 2020 14:43 (UTC+04:00)
Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru getməlidir. Bu gün alınmırsa, sabah alınar deməlidir. Allah da çalışqan insanları sevir. Çalışqan insanlar hər zaman mükafatlandırılır. Mövqe.az bildirir ki, bu sözləri ölkə.az-a açıqlamasında müğənni Nadir Qafarzadə səsləndirib. İfaçı son zamanlar sosial şəbəkələrdə tənqid və təhqir dolu şərhlər yazan insanlardan da danışıb. "Uğursuz insanlar çoxdur. Evdə oturaraq, özünü divandan qaldırmadan əlinə telefonu alıb, başlayır uğurlu insanlara tənqid və təhqir dolu şərhlər yazmağa, çünki paxıldır. Tənbəl insan ola bilər, lakin bir də var tərbiyəsiz insanlar. Bu tərbiyəsiz insanları mən "otxod" adlandırıram, onlar cəmiyyətin artıqlarıdır. Əllərindən söyməkdən başqa bir iş gəlmir. Biz Allahın qanunlarına riayət etmirik. Allah Nadirin taleyinə müğənnilik yazıb. Bu, nə mənim, nə də başqasının seçimidir. Bu, Allahın seçimidir, mənə yazdığı qismətdir. Yaxud da kiminsə bəxtinə nazir olmaq düşüb. Deməli, o da ona layiqdir. Lakin cahil insan bunu düşünmür". Daha sonra o, sosial şəbəkələrdə onu təhqir edən istifadəçilərdən də danışıb. "Mən hər zaman sözün düzünü demişəm. Belə bir deyim var "Doğru söz danışanı yüz kənddən qovarlar". Dahilər də hər zaman belə olub. Düzdür, mən özümə dahi demirəm, amma onlar da doğru söz dedikləri üçün hər zaman daş - qalaq olunublar. Lakin insanlar onların ölümündən sonra anlayıblar ki, bu insanlar həqiqət carçısı olublar. Ona görə deyiblər, sağlığında qiymət verin insanlara". "Heç olubmu ki, sizi təhqir edənlərdən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz" sualına isə ifaçı belə cavab verib. "Yox, əsla. Mən heç vaxt hansısa adamcığaza görə dövləti, polisi narahat etmərəm. Elə insanlar olub, hər zaman da olacaqlar. Onlar cəmiyyətin boşluğunda olurlar. Mən isə həmişə dolu yerlərdə oluram. Elə insanları polis saxlasa belə, yenə də öz əməllərinə davam edəcəklər. Necə deyərlər, qozbeli qəbir düzəldər. Əvvəllər olub ki, belə 1-2 nəfərə cavab vermişəm. Ancaq indi düşünürəm ki, belələrinə cavab vermək lüzumsuzdur. Çünki mən cavabımla cılız insanları mükafatlandırmış, dəyərləndirmiş oluram. Allaha şükürlər olsun ki, mən taleyimlə barışmışam. 10-12 il əziyyət çəkəndən sonra Allah məni mükafatlandırıb". İfaçı təhqir yazan insanlara cavab verən həmkarlarından da danışıb. "Elə həmkarlarım var ki, onları təhqir edən o cılız insanlara cavab verirlər. Mən heç kimi qınamıram. Demək ki, bıçaq sümüyə dirənib. Çünki biz də insanıq. Elə insanlara deyərdim ki, hanı o məmurlar, deputatlar? Bu çətin gününüzdə yanınınızda deyillər. Ancaq təhqir etdiyiniz həmin o müğənnilər qapı-qapı düşüb, sizə yardım paylayırlar. Vallah, inandırım sizi, yenə də naşükürlük edirlər, başlayırlar müğənniləri söyməyə. Otuz manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz? Biz, əslində, heç kimə borclu deyilik. Bizim borcumuz yalnız Allahımızadır. Kimsə kiməsə yardım edirsə, ona təşəkkür etməliyik. Lakin insanlar bunu düşünmür. Heç kim məmurdan, biznesmendən yardım istəmir. Ancaq müğənnilərin adını çəkirlər. Çünki biz insanlarda qorxu var. Elə yəqin o səbəbdəndir ki, bizə "qılınc müsəlmanı" deyirlər. Nadir Qafarzadə Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala da münasibət bildirib. "Düşünürəm ki, Xalq artisti Afaq Bəşirqızına olan sosial hücum bir təxribatdır. Biz bildiyimiz elə məsələlər var ki, tamaşaçılar bilmir. Çünki televiziya işçiləri bilir ki, canlı efirlə studiya bağlantısının arasında 5 dəqiqə fərq olur. Əgər o efirdə, həqiqətən də, söyüş olmuşdusa, həmin sözlər efirə necə gedib? Mən belə düşünürəm ki, bu ya bilərəkdən baş verib, ya da sifariş olunub. Afaq xanımın sənəti mənim üçün böyükdür. Söyüşə gəldikdə isə hamı söyüş söyür. Adi axmaq sözünü belə işlətməyən yoxdur. Ola bilər ki, həmin anda Afaq xanım əsəbi olub. Unutmayın ki, biz də insanıq. Ancaq yenə də fikrimin üzərində dayanıb deyirəm ki, həmin ifadələr Afaq xanıma aid deyil. Bizim cəmiyyətdə belə bir düşüncə var ki, birinin uğurunu, yüksəlişini görəndə onu yıxmaq istəyirik. Axı biz niyə bu dərəcədə bir-birimizə düşmən kəsilməliyik? Afaq xanım dövlətin bütün mükafatlarına layiq görülüb. Xalqın sevimlisidir, incəsənət tarixinə düşəcək aktrisadır. Onun bundan sonra itirəcək bir şeyi yoxdur. Heç kim bilmir ki, onun başına nə gələcək. Əksinə çalışmaq lazımdır ki, yıxılanı ayağa qaldıraq. Təəssüf ki, bəzi insanlar yıxılanın əlindən tutmaqdansa, ayağından aşağı çəkir. Çox təəssüf ki, bəzi insanlar başlarından düşünmək üçün istifadə etmirlər. Bədən üzvü kimi çiyinlərinin üzərində gəzdirirlər".