Karantin rejiminin yumşaldılması Bakıda daşınmaz əmlak bazarına təsir etmir - Ekspert

28 Aprel 2020 15:17 (UTC+04:00)
Azərbaycanda aprelin 27-dən etibarən karantin rejiminin yumşaldılmasının daşınmaz əmlak bazarında aktivliyin artmasına təsiri yoxdur. Bu barədə Trend-ə açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov qeyd edib ki, daşınmaz əmlak bazarının aktiv iştirakçıları rieltor şirkətləridir: "Onların işləməsinə hələ ki icazə verilmir. Eyni zamanda qiymətləndiricilərin də işləməsinə icazə verilmir. Alıcılar və satıcılara gəlincə isə, bunların da hərəsinə evdən çıxmaq üçün 3 saat vaxt verilir. Bu zaman ərzində evin alqı-satqısını reallaşdırmaq çətindir. Bu baxımdan karantin rejiminin yumşaldılması daşınmaz əmlak bazarına hələ ki təsir etmir". Ekspert bildirib ki, bu gün daşınmaz əmlak bazarında aktivlik ən aşağı səviyyədədir: "Bu səbəbdən qiymətlər barədə nəsə demək çətindir. Daşınmaz əmlak bazarında aktivlik yalnız əsas bazar iştirakçılarına işləməyə icazə verildikdən sonra müşahidə edilə bilər".