Ermənistan hökuməti virusun əlində aciz qalıb

29 Aprel 2020 08:00 (UTC+04:00)

 

İrəvanın “Azatutyun” radiosunun efirinə çıxan Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusun yayılması tempinin mütləq sayda artdığını bildirərək, koronavirus qarşısında aciz qaldıqlarını etiraf edib.  Nazir ölkəsində koronavirusa yoluxma hallarının artmasını müxtəlif səbəblərlə əlaqələndirməyə çalışıb: “Təəssüf ki, bizdə virusun yayılmasının müxtəlif mərkəzləri var.

Yəni əgər martın ortalarında bu mərkəzlər 1-2 idisə, sonra 3 oldu. Bundan sonra virus həmin mərkəzlərin xaricində yayılmağa başladı. İndi ölkəmizdə bir-biri ilə əlaqəsiz 10, bəzən 20 mərkəz var və biz onları birinci oçaqla bağlayan bağı tapa bilmirik”.

“Bu təbii, çox simptomsuz hadisə, mümkündür ki, virus COVID-19-a yoluxduğunu bilməyən insandan insana ötürülüb” deyən Torosyanın sözlərinə görə, koronavirusun yayılmasının başqa “bədbəxt istiqaməti” tibb mərkəzləridir: “Biz tibb mərkəzlərində koronavirusun yayılmasının qarşısını almaq və başqa xəstələri qorumaq üçün bütün qüvvələrimizi cəmlədik”.

Torosyan həmçinin xəstəliklərin sayının çoxalmasını küçələrdə hərəkət artması, vilayətlərarası və şəhərlərarası yolların, bəzi məişət subyektlərinin açılması ilə əlaqələndirib. İndiyə qədər Ermənistandan 30 nəfər koronavirusun qurbanı olub. Zəif iqtisadiyyatı üzündən valyuta üzünə həsrət qalan ölkədə indiyədək cəmi 19296 test keçirilib. Müqayisə üçün deyək ki, Azərbaycanda bu dövrdə 130 minə yaxın test keçirilib və bu iş sürətlə davam edir. Lakin Ermənistanın tibbi ləvazimatları və testləri almaq imkanı olmadığından gözünü dikib digər dövlətlərin verdiyi ianələrə və buna görə də potensial xəstələrin üzə çıxarılması prosesi ləng gedir. Səhiyyə naziri də bu səbəbdən deyir ki, virusun qarşısını almaqda acizdirlər.

Hətta ölkədə fövqəladə vəziyyət elan olunsa da koronavirusun yayılma sürəti səngimir. Pandemiya dövründə xaricdə olan ernənilərin əksəriyyəti olduqları ölkələrdə ilişib qalıblar. Məsələn, ABŞ-ın Los-Anceles şəhərində günlərdir ki, 100 erməni ölkəsinə qayıda bilmir. Onlar şikayətlənirlər ki, Ermənistanın bu şəhərdəki baş konsulluğuna, XİN-ə müraciət etsələr də bir nəticə hasil olmur.

Cavab verirlər ki, bu, hələlik mümkün deyil. Bu da təbiidir, çünki Ermənistan Türkiyə deyil ki, özünün bir nəfər vətəndaşının dalınca İsveçə və Rusiyaya xüsusi təyyarə göndərsin. Demoqraf Ruben Yeqanyan mətbuata müsahibəsində vəziyyəti belə təsvir edir: “Mən təsəvvür edə bilmirəm ki, dövlət bu istiqamətdə nə iş görə bilər. Hazırkı rüsvayçı situasiyada həmvətənlərin repatriasiyası üçün hər hansı proqramın həyata keçirilməsi ümidsizdir. Çünki vəsait yoxdur”.

Bu arada “Maariflənən Ermənistan” partiyasının parlamentdə fraksiya sədri Edmon Marukyan Ermənistan üçün fantastik sayılan təklif verib və deyib ki, may ayından etibarən dövlət 100 milyard dram ayırsın və bu bu məbləğin 50 milyard dramı ailəbaşına bölünsün, qalan 50 milyard dramı da pensiyaçılara əlavə verilsin. Təklifin mümkünlüyü barədə jurnaluistlərin sorğusuna  iqtisadçı Suren Parsyan ümidverici cavab verməyib: “Biz əhalini qarşıdakı ciddi maliyyə böhranına hazırlamalıyıq. İnsanlara bir aylıq əlavə pul verməklə məsələ həll olunmur. Yaxşı, mayda pulu payladıq, bəs, sonrakı ayda nə edəcəyik?”.

İqtisadçı izah edib ki, ölkədə cəmi 300 milyard dram (təxminən 600 milyon dollar) ehtiyat vəsait var və bu vəsait dar günə saxlanılır. Halbuki, ötən yay hakimiyyət iddia edirdi ki, Ermənistanın valyuta ehtiyatları 7 milyard dollara çatıb. Amma pandemiya sınağı bu yalanın üstünü açdı.

Bütün bu faktlar səhiyyə nazirinin “ölkənin aciz durumu” haqda dediklərini təsdiqləyir. Koronavirus Ermənistanın axırına çıxacaq.

N.NOVRUZ