Qul ağasının üzünə ağ olmaq istəyir

29 Aprel 2020 08:15 (UTC+04:00)

 

Ukraynada dünyada ad çıxarmış Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin baş nazir postuna namizəd göstərilməsi İrəvandakıların yuxusunu qaçırıb. Prinsipcə, bu məsələ Ukrayna dövlətinin daxili işidir və xaricdən belə məsələlərin müzakirəsi tamamilə absurd reaksiya sayılır.

Buna baxmayaraq, özlərinə kənardan baxıb qiymət verməyi bacarmayan ermənilər elə bilirlər ki, bunların rəyini nəzərə alan var və Saakaşvilinin namizədliyi ətrafında yersiz müzakirələrini aparmaqda inad edirlər. Ancaq hər bir halda, müzakirələrin məntiqi nəticəsi olaraq özlərinin “əlləri heç yana çatmayan” ümidsizliklərini açıb ortaya qoyurlar.

Erməni şərhçi Tevos Arşakyanın növbəti yazısı bu mövzuya həsr edilib və bəzi nüansları üzə çıxarıb. Arşakyan bu dəfə özlərini gürcülərlə müqayisə edir, baxmayaraq vurğun olduqları Qərbdə, konkret bir alman məsəlində deyilir ki, hər çür müqayisə qüsurludur. “Bizim hakimiyyət, gürcülərdən fərqli olaraq sinəsində ilan saxlayan  “strateji müttəfiqi” ilə eyni tonda danışmağa cəsarət tapmadılar”.

Həqiqətən Saakaşvilinin Ukraynada yüksək vəzifəyə təyin olunacağı ehtimalı ilə əlaqədar rəsmi Tiflis strateji müttəfiqi olan Kiyev rəsmilərinə etirazını bilıdirib. Yəni, Saakaşvilinin vəzifəyə təyin edilməsi baş tutsa, onda Gürcüstan bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağıracaq. Belə ki, Kiyev və Tiflis Qərbin patronajlığı ilə əsas hərbi-siyasi müttəfiqlərdir - hər iki dövlət MDB-dən ayrılıb və anti-Rusiya siyasətini davam etdirir.

Lakin ermənilərin fikrincə, bu, ötən həftəyə qədər idi. Tiflisdə Saakaşvili ağır cinayətlərdə ittiham olunur və onun Ukraynada yüksək mövqe tutması qəbuledilməzdir. Bu vəziyyətdə Tiflisin ifadələrinin tonu şübhə doğurmur - əgər Saakaşvili yenə də Kiyevdə yüksək vəzifə tutursa, o zaman məsələ diplomatik münasibətlərin pozulmasına da gedə bilər. Ancaq məsələ heç də ermənilərin təsvir etdiyi kimi deyil. Belə ki, bu fikirlər Gürcüstanın hazrkı hakimiyyətinin fikridir. Gürcüstanın başı üzərində çətir rolunu oynayan Qərb isə fərqli düşünür və Gürcüstanın özündə Saakaşvilini müdafiə edən kifayət qədər siyasi qüvvə var. Yəni, Ukraynada baş verənlər əslində Gürcüstanda Saakaşvilinin tərəfdarlarının güclənməsinə səbəb ola bilər və bu tərəfdən gürcülər əndişələnirlər. Təbii ki, bu hadisəyə görə strateji müttəfiqlərin arasında ciddi narazılıq baş verməyəcək. Bu işdə uduzan ermənilərdir. Çünki birincisi, ermənilərin fırıldaqlarından yaxşı xəbərdar olan Saakaşvilinin yenidən dünya səhnəsində məşhurlaşması onların ifşasını sürətləndirəcək. İkincisi, bu hadisələr fonunda ermənilərin acizliyi və dövlətçiliklərinin acınacaqlı durumda olması diqqəti cəlb edir. Bu səbəbdən ermənilərin öz ölkələrində ciddi siyasi gəlişmələri olmadığından bu hadisəni diqqətlə izləyirlər.

Hadisələrin xarakteri ermənilərə xatırladır ki, onların hakimiyyəti özündə cəsarət tapıb dırnaqarası müttəfiq saydıqları Rusiya ilə bərabər səviyyədə danışa bilmir. Məsələnin kökü də bundadır. Çünki Moskva Ermənistan hakimiyyətinə tam etinasız yanaşır. Məsələn, “məxməri inqilab”dan sonra Ermənistan hüquq-mühafizə orqanları tərəfindən cinayətkar keçmiş erməni rəsmilərinin İrəvana təhvil verilməsindən Rusiya imtina edir. Üstəlik, Moskva bunu siyasi və hüquqi nöqteyi-nəzərdən motivasiya edir, açıq deyir ki, bəli, onlar cinayətkarlar və dələduzlardır, amma mənim təhqir etməyəcəyim dələduz oğlanlarımdır.

Arşakyan yazır ki, “1 Mart” hadisələri üzrə istintaq qrupunun keçmiş rəhbəri Vahan Arutyunyan, keçmiş baş prokuror Gevorq Kostanyan, keçmiş müdafiə naziri Mikael Arutyunyan, Məhkəmə İşləri İcbari İcra Xidmətinin keçmiş rəhbəri və keçmiş millət vəkili Miqran Poqosyan haqqında Ermənistan prokurorluğu tərəfindən 1 mart 2008-ci il qanlı hadisələrinə görə ittiham irəli sürülüb və onlar müttəhimlər kürsüsündə əyləşməlidirlər: “Arutyunyan Rusiyaya qaçaraq vətəndaşlıq  ala bilib, Kostanyan Rusiyanın güc strukturlarının tərkibində olan dövlət akademiyasında dərs deyir. Ermənistanın müvafiq qurumlarının çoxsaylı müraciətlərinə baxmayaraq, Rusiya yuxarıda qeyd olunan keçmiş məmurları təhvil verməkdən qəti şəkildə imtina edir. Anlaşılan məsələdir - hamısı Rusiyanın Ermənistandakı “beşinci kolon” un nümayəndələri, onun çirkin anti-Ermənistan siyasətinin aparıcıları idilər”.

Müəllif yazdığı məqalənin sonunda təəssüflənir ki, öz davranışı, Moskvaya qarşı mərhəmətli münasibəti ilə Ermənistan çəkisi olmayan dövlətlərin siyahısında yer alır. Rusiya, Ermənistanın hələ də Qafqazdakı yeganə "müttəfiq" olmasına əhəmiyyət vermir. Əslində Tevos Arşakyan Ermənistan hökumətinin “boş giliz” olduğunu və nəyəsə təsir edə bilməyəcəyini etiraf etmiş olur. Belə olan halda hansı cəsarətdən söhbət gedə bilər? Və ermənilərin beynəlxalq münasibətlərdə özlərini dartaraq hədə-qorxu gəlmələri gülünc və faydasız taktikadan başqa bir şey deyil.

N.NOVRUZ