Çətin sınaqdan üzüqara çıxanlar...

29 Aprel 2020 08:29 (UTC+04:00)

Dövlətin pandemiya ilə mübarizə cəbhəsinə başı qarışdığını güman edən bəzi işgüzar yox, işbaz məmurlar yollarını azıb. Mənfəətpərəstlər elə düşünüblər ki, “gecə xəlvət, tülkü bəydir”, varlanmaq eşqinə mübtəla olublar. Bu çətin sınaq dövründə dövlətin külli miqdarda vəsait xərcləyib xalqın sağlamlığını qorumaq, koronavirus pandemiyasının qarşısını almaq üçün ayırdığı pulları mənimsəmək nə insanlığa, nə də məmurluğa sığır. Amma bir iş var ki, köhnədən belə təfəkkürə yoluxmuş məmurlar indiki koronavirusdan da güclü təhlükə mənbəyidirlər. Əliəyrilikləri mənfəət gətirdikcə, daha da cuşə gəlirlər.

Bu günlərdə İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib.  Heç demə, məmur vəzifə imkanlarından istifadə edərək öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında bu üzdəniraq məmura qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. M.Əhmədov artıq şübhəli şəxs qismində saxlanılıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında, ictimaiyyətin nümayəndələri ilə görüşlərində həmişə qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Dövlət başçısı bildirib ki, Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir: “Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”.

İsmayıllı şəhərindəki məmurun əməllərinin ifşa edilməsi bu prinsipial yolda atılan növbəti addımdır.

Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Çünki indi əvvəlki zaman deyil. “ASAN xidmət”in simasında ölkəmizdə korrupsiyadan tam azad qurum nümunəsi var. Üstəlik, Azərbaycan bu sahədə toplanmış beynəlxalq təcrübədən də səmərəli istifadə edir. Bundan savayı, sərt mübarizə üçün ciddi siyasi iradə, sərt cəza tədbirləri bu sahədə irəliləyişə imkan verir. Pandemiya və ondan sonrakı dövrdə mübarizənin daha amansız şəkildə aparılacağı sözsüzdür. Çünki çətin günlərdə el malına, dövlət vəsaitinə göz dikənlər cinayətkar olmaqla bərabər, həm də xəyanətkar sayılırlar.

N.NOVRUZ