Radikallar bu dəfə də köhnə xislətlərindən əl çəkmədi

29 Aprel 2020 16:30 (UTC+04:00)

Azərbaycanda siyasi proseslərin inkişafı üçün hakimiyyət mühüm addımlar atır. Onun nəticəsidir ki, bu il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi.  Formalaşan yeni Milli Məclisdə müxalifəti təmsil edən siyasilər də bir sıra vəzifələrə irəli çəkildilər.
Bundan başqa, iqtidar hər  zaman müxalifətlə dialoqa hazır olduğunu bildirib və bunu əməli ilə də göstərib. İqtidarla müxalifət partiyaları arasında son belə dialoq Prezident Adminstrasiyası nümayəndəsinin müxalif partiyaların rəhbərlərini bir-bir dəvət edib onlarla görüşüb, söhbətləşməsi fonunda baş verdi.  Ancaq radikal düşərgədə yer alan bəzi müxalifət təmsilçiləri hər zaman olduğu kimi öz hərəkətləril dialoqdan imtina etməklə  siyasi prosesin normal, demokratik müstəvidə getməsində maraqlı olmadıqlarını bir daha ortaya qoydu. Başqa bir tərəfdən görünən odur ki, iqtidarın müxalif düşərgəyə münasibətdə atdığı son çoxsaylı addımları radikal düşərgədə əməlli-başlı qıcıq yaradıb. Belə ki, həm cəmiyyətin, həm də ölkədə qeydiyyatda olan siyasi partiyaların mütləq əksəriyyəti aparılan dialoq mühitini, qanunverici orqanda müxalifət təmsilçilərinin də müxtəlif vəzifələrə seçilməsini yüksək dəyərləndiriblər. Əlbəttə ki, yalnız ölkədə xaos yaratmaqda, stabilliyin pozulmasında maraqlı olan radikal müxalifət kimi az sayda  marginal qruplar istisna olmaqla.
Politoloq Aydın Quliyev öncə qeyd etdi ki, iqtidarla müxalifət arasında  başlanan yeni dialoq mühiti təqdirəlayiqdir: “Bütün hallarda Azərbaycanda iqtidarla müxalifət düşərgəsi, hakimiyyətlə tam şəkildə onun siyasətinin əleyhinə gedən qüvvələr arasında başlanan dialoq təqdirəlayiqdir.  Bu, Azərbaycanda həqiqətən də real siyasi proseslərin daha da dərinləşməsinə yol aça biləcək addımdır.
Əlbəttə, hələlik proses başlanğıc mərhələsindədir. Dövlət səviyyəsində parlamentdən kənar bəzi siyasi partiyalarla görüşlərin təşkili, onların Prezident Adminstrasiyasına dəvət edilməsi, müxalif düşərgə nümayəndələrinn parlamentə düşməsi, burada bir sıra vəzifələrə təyinat almaları, dövlət orqanları tərəfindən müxtəlif partiya rəhbərlərinin ünvanlarına təbriklərin edilməsi, indiyə kimi radikal düşərgədə olan bəzi partiya rəhbərlərinin üzərindən məhkumluğun götürülməsi, hətta onlara kompensasiya ödənilməsi, bütün bunlar başlanan siyasi dialoqun hələlik başlanğıc mərhələsidir. Bu mənada prosesin daha da  dərinləşdirilməsinə ehtiyac var”.
A. Quliyev bildirdi ki, radikal düşərgədə müəyyən qüvvələrin bu müstəvidə əməkdaşlığa gedəcəyini, başlanan prosesdə iştirak edəcəklərini şəxsən gözləmir: “Onlar öz hərəkətlərilə bunu təsdiq ediblər. Bu qüvvələr elə bir yol tutub ki, bu yol həm hakimiyyətin apardığı siyasətin tamamilə, yüz faiz inkar edilməsi üzərində qurulub, həm də radikalların tutduğu yola xalq da dəstək verməkdən tamamilə çəkinir.  Radikal  düşərgənin bu müstəvidə tutduğu yol həm onların xalqdan ayrılmasına aparır, həm də hakimiyyətlə dialoqa getmələrini qeyri-mümkün edir.  Amma müxalifət düşərgəsinin bəzi təmsilçilərinin platformasında həm xalqın qəbul edəcəyi müəyyən prinsiplər var, həm də hakimiyyətin onlarla dialoqa getməsinə imkan verə bilən tezislər mövcuddur.  Ona görə də başlanan prosesin dərinləşməsi vacibdir. Bu baş verərsə, fikrimcə, radikal düşərgənin təmsilçiləri də nə vaxtsa öz siyasi platformalarında dəyişiklik etməyə məcbur olacaqlar. Ya da  tutduqları yol onları  cəmiyyətdə  daha dərin və  çıxılmaz təcrid vəziyyətinə salacaq”. 
Politoloqun fikrincə, iqtidarla müxalifət arasındakı əməkdaşlıq müstəvisində  gedən müsbət tendensiyalar radikal düşərgəni ona görə qıcıqlandırır ki, bu fonda radikalların cəmiyyətdəki nüfuzu daha da aşağı düşür:  “Radikal müxalifət təmsilçiləri görür ki, başlanan proses nəticəsində  hakimiyyətlə dialoqa gedən müxalifət təmsilçilərinin sıraları genişlənir.  Həm də radikal düşərgə təmsilçilərinin xalqla əlaqəsi daha da qırılır.  Nəticədə bu qüvvələrin gələcəkdə ölkənin siyasi prosesinə qatılmaq şanslarını daha da itirirlər. Bu da radikalları qıcıqlandırır”.
R. SOLTANOV